Cümə axşamı, 01 Fevral 2024 06:39

Caspian Energy Club beynəlxalq fəaliyyətini bərpa edir

Caspian Energy Club beynəlxalq fəaliyyətini bərpa edir. Bu barədə Caspian Energy Club International-ın İdarəedici direktoru Günel Quliyeva bildirib.

 

O, ilk tədbirin 8 fevral tarixində Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcəyini qeyd edib. Günel Quliyevanın sözlərinə görə sözügedən tədbir Green Economy Transition mövzusuna həsr olunacaq. “Green Economy Transition adlı mövzusunun seçimi Azərbaycanı 2024-cü ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyi edəcək ölkə kimi tanıtmaq, COP29 mövzularına xaricdə olan marağı artırmaqdır. Biz əminik ki, nəinki Azərbaycan, həmçinin bütün region üçün mühüm rol oynayan COP29 və onun çərçivəsində müzakirə olunmuş qlobal istiləşmə tempinin səngiməsi, qlobal istiləşməyə məruz qalan ərazilərin adaptasiyasına dəstək və 2050-ci ilə qədər “0” - sıfır emissiyaya nail olmaq kimi mövzular Tbilisidə keçiriləcək tədbirdə də geniş müzakirələrə səbəb olacaq. Həmçinin, COP29-un “Əsrin müqaviləsi”nin imzalanmasının 30 illiyi yubileyinə təsadüf etməsi sevindici haldır. Belə ki, COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi, ölkəmizin beynəlxalq arenada günü-gündən artan nüfuzunun, və ölkəmizin bir çox sahədə göstərdiyi uğurların bariz nümunəsidir. Bu tədbirə dəstək olaraq biz Caspian Energy Club-un fəaliyyət göstərdiyi bütün ölkələrdə Caspian Energy MeetUp-ların təşkili,  qlobal istiləşmə sahəsinə töhfəsi olacaq xarici şirkət və ekspertlərin cəlb edilməsi üçün səylərimizi əsirgəməyəcəyik”, - Günel Quliyeva xüsusilə vurğulayıb.

 

Xatırladaq ki, Caspian Energy Club-un dünyanın 50 ölkəsində nümayəndəsi, 14 ölkəsində isə fiziki ofisi var. “Növbəti bir neçə il ərzində 100 ölkədə fiziki nümayəndəliklərin açılışını planlaşdırırıq və bu istiqamətdə artıq addımlar atmağa başlamışıq”, - Günel Quliyeva qeyd edib və əlavə edib ki, Caspian Energy Club-un xarici ölkələrdə ofis açmaq məqsədi ilk növbədə xarici ölkələrin özəl və dövlət sektorunun nümayəndələrini Azərbaycanın investisiya potensialı, münbit iqtisadi şərait, dayanıqlı inkişaf, aparılan islahatlar, iri layihələrin icrası ilə bağlı yeniliklər haqqında mütəmadi məlumatlandırma və bu proseslərə maraq oyadaraq cəlb etməkdir. 

 

“Hal-hazırda ərazilərində aktiv fəaliyyət göstərdiyimiz Orta Dəhliz ölkələri təşkilatımız üçün çox böyük maraq kəsb edir. Ötən il ərzində Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkiyə, Çexiya, Latviya və digər ölkələrdə bir sıra tədbirlər keçirərək, bizneslə dövlət arasındakı dialoqa vəsilə olmuş, ikitərəfli əlaqələri genişləndirməyə nail olmuşuq. Fəaliyyətimizi cari ildə də uğurla davam etdirmək niyyətindəyik”, - Günel Quliyeva bildirib.

 

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

 

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Almaniya, Polşa, Qırğızıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Estoniya, Finlandiya, Avstriya, BƏƏ-də rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

 

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

 

Read 617 times