Cümə axşamı, 01 Fevral 2024 06:51

Caspian Energy Club Czechia öz fəaliyyətini aktivləşdirir

Caspian Energy Club-un Çexiyadakı rəsmi nümayəndəliyi olan Caspian Energy Club Czechia ölkədəki fəaliyyətini aktivləşdirir. Bu barədə Caspian Energy Club Czechia-nın İdarə Heyətinin sədri Zaur Qədirov bildirib.

 

Zaur Qədirovun sözlərinə əsasən, 2023-cü ilin yanvar ayında Çexiyada ilin ilk tədbiri  CEO Breakfast Prague, daha sonra fevral ayında CEO Lunch Prague, mart ayında isə beynəlxalq “Caspian Energy Investment Forum Prague - 2023” kimi bir sıra tədbirlər təşkil olunmuşdur.

 

Caspian Energy Club və Caspian Energy Club Czechia-nın birgə təşkilatçılığı ilə baş tutmuş 13-cü Beynəlxalq “Caspian Energy Investment Forum Prague - 2023” Çexiyanın sabiq baş naziri Yan Fişer, Azərbaycanın energetika nazirinin müşaviri Vüsal Rəcəbli və bir çox dövlət rəsmilərinin iştirakı ilə keçirilmiş və 2023-cü ilin mart ayının ən böyük tədbirlərindən birinə çevrilmişdir. Tədbirin əsas mövzuları yeni imkanlar və perspektivlər, "yaşıl" enerji, Avropanın enerji təhlükəsizliyi, texnoloji tərəqqi və rəqəmsallaşma, eləcə də Çexiyanın investisiya potensialı olmuşdur. Hər il keçirilməsi planlaşdırılan bu tədbir, investisiya cəlbi və müxtəlif ölkələrlə ticarəti şaxələndirmək məqsədi daşıyır.

 

Qeyd edək ki, 2023-cü il ərzində süni intellektin inkişafı və tətbiqi, maliyyə texnologiyaları, turizm mövzularına həsr olunmuş bir neçə CEO MeetUp təşkil edilmişdir. Zaur Qədirovun sözlərinə görə, bu tədbirlər əsnasında Caspian Energy Club üzvlərinə bizneslərini təqdim etmək, işgüzar əlaqələr qurmaq, problemləri müzakirə etmək və təkliflər irəli sürmək imkanı verilir.

 

“Bizim bir sıra görüşlərdə, bu görüşlər əsasında alınan razılıqlarda və bağlanan müqavilələrdə aktiv rolumuz var. Məsələn, ötən il Çexiya nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfər etmiş, orada Azərbaycan Respublikasının Energetika Nazirliyinin,  Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və digər dövlət qurumlarının nümayəndələri ilə görüşmüşlər. Həmçinin ötən il ərzində biz Azərbaycan Respublikası, Almaniya Federativ Respublikası, İsrail, Macarıstan, Türkiyə Respublikasının diplomatik nümayəndəlikləri ilə görüşlər təşkil etmişik. Bundan əlavə, Çexiyanın Sənaye və Ticarət Nazirliyi ilə birlikdə iki ölkənin özəl sektoru arasında əlaqələrin genişləndirilməsi naminə bir çox tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə Çexiya və Azərbaycan şirkətlərinin öz xidmətlərini göstərə bilməsi və əlaqələr yarada bilməsi üçün networking platforması yaradırıq”, - Zaur Qədirov bildirib. Onun sözlərinə görə, Caspian Energy Club Czechia növbəti il aktiv fəaliyyətini davam etdirməyi planlaşdırır. 

 

“Biz 2024-cü ildə maliyyə, insan resursları, süni intellekt məsələlərinə həsr olunmuş bir sıra CEO MeetUp-lar, eləcə də neft-qaz və enerji sektoruna həsr olunmuş Caspian Energy MeetUp-lar keçirməyi planlaşdırırıq. Mayın 16 - 17-də Çexiya, Azərbaycan, Türkiyə, Özbəkistan, bir çox Avropa ölkələrinin həm özəl, həm də dövlət sektorunun nümayəndələrinin iştirakı ilə tekstil sənayesinin məsələlərinə həsr olunacaq forum keçirməyi planlaşdırırıq. Həmçinin 2024-cü ilin ikinci yarısında daha bir forumun keçirilməsi nəzərdə tutulur. O cümlədən həm Bakı şəhərinə, həm də Azərbaycanın digər bölgələrinə Çexiya nümayəndə heyətinin səfərləri planlaşdırılır. Biz ümidvariq ki, özəl və dövlət sektorunun nümayəndələri ilə keçiriləcək ikitərəfli görüşlər hər iki ölkə üçün məhsuldar və səmərəli olacaq”, - deyə Zaur Qədirov bildirib.

 

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

 

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Almaniya, Polşa, Qırğızıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Estoniya, Finlandiya, Avstriya, BƏƏ-də rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

 

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətinin idarə edilməsi, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Read 945 times