Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə ixracatçılarla görüş keçirilib. Tədbir zamanı il ərzində həyata keçirilən ixrac əməliyyatlarının nəticələri və 2025-ci il üçün müəyyənləşdirilən yeni hədəflər müzakirə edilib. Görüşdə dövlət rəsmiləri, sahəvi assosiasiyaların nümayəndələri və sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edən AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın ixrac göstəriciləri və qeyri-neft sektorunun inkişaf perspektivlərindən danışıb, ixracın təşviqi mexanizmləri barədə məlumat verib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların iqtisadiyyatda payının artması və sahibkarlara təqdim edilən dəstək mexanizmlərindən danışıb.
Bu barədə “Caspian Energy Media” AZPROMO-ya istinadən xəbər verir.