Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xanı qəbul edib.
Dövlətimizin başçısı bu il Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının sammitinə ev sahibliyi edəcəyini deyərək, Əsəd Məcid Xanın ölkəmizə səfərinin zirvə toplantısına hazırlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını qeyd etdi. Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz təşkilat çərçivəsində üzv dövlətlər arasında əməkdaşlığın dərinləşdirilməsinə və gündəlikdə duran məsələlərin irəli aparılmasına öz töhfəsini verməyə hazırdır.
Söhbət zamanı Azərbaycan ilə İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.
Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.