Energetika naziri Pərviz Şahbazovla Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə ölkə direktoru xanım Sunniya Durrani-Camal arasında görüş olub.
Görüşdə Asiya İnkişaf Bankı ilə enerji sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib. Bərpa olunan enerji sahəsində, xüsusilə günəş enerjisi və “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihələrində Bankın dəstəyi yüksək qiymətləndirilib. Enerji gündəliyinin prioritet məsələləri müzakirə edilib.
Söhbət zamanı Bankla kiçik həcmli bərpa olunan enerji layihələri, şəbəkənin təkmilləşdirilməsi də daxil olmaqla bir çox istiqamətlərdə əməkdaşlıq imkanları dəyərləndirilib. Həmçinin istilik təchizatı sektorunun dekarbonizasiyası layihəsi üzrə əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib. Bundan başqa, təbii qaz sektorunda müşahidə olunan inkişaf tendensiyaları və Cənub Qaz Dəhlizinin genişləndirilməsi perspektivləri ilə bağlı da fikir mübadiləsi aparılıb. Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.