BƏƏ-nin Abu-Dabi şəhərində keçirilən “Ümumdünya Kommunal Xidmətlər Konqresi”ndə ölkəmizi energetika nazirinin müavini Samir Vəliyev təmsil edib. Nazir müavini “Kommunal xidmətlərin gələcəyinin formalaşdırılması: inkişaf etməkdə olan iqtisadiyyatlarda enerji əlçatanlığı ilə artım arasında tarazlığın yaradılması” mövzusunda panel müzakirəsində iştirak edib.
Azərbaycanın region ölkələrinin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını deyən nazir müavini bildirib ki, ölkəmiz daxili enerji tələbatını tam şəkildə ödəməklə yanaşı, enerji keçidinə dair konkret hədəflərlə daha dayanıqlı enerji gələcəyinə doğru irəliləyir. Ümumi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30%-ə çatdırılması ilkin hədəf olaraq müəyyən edilsə də hazırkı inkişaf tempi nəzərə alınmaqla bu göstəricinin 2027-ci ildə 33.7%, 2030-cu ildə 37.9%, 2035-ci ildə isə 42.5%-ə çatdırılmasının nəzərdə tutulduğu qeyd edilib.
Nazirlər panelində enerji təhlükəsizliyi, təmiz və etibarlı enerjiyə çıxış, maliyyə resurslarına çıxışın genişləndirilməsi, bərpa olunan enerji texnologiyalarının təşviqi və enerji sistemlərinin dayanıqlığının artırılması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.