Çərşənbə, 04 İyun 2025 17:14

Asiya İnkişaf Bankı ilə sahil infrastrukturunun qurulması və təbii qaz sahəsində əməkdaşlıq müzakirə edilib

Energetika naziri Pərviz Şahbazov ilə Asiya İnkişaf Bankının (AİB) Cənubi, Mərkəzi və Qərbi Asiya regionu üzrə vitse-prezidenti cənab Yingming Yang arasında görüş keçirilib.

Görüşdə enerji sahəsində AİB ilə uzunmüddətli və səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub, enerji gündəliyinin əsas prioritetləri üzrə fikir mübadiləsi aparılıb. Bankın enerji balansının şaxələndirilməsi, enerji səmərəliliyinin artırılması və regional enerji əlaqələrinin qurulmasına önəm verən siyasəti çərçivəsində əməkdaşlıq imkanlarına maraq göstərilib.

Görüş zamanı qeyd olunub ki, dənizdə istehsal ediləcək enerjinin bir qisminin ölkənin enerji sisteminə inteqrasiyası, digər hissəsinin isə ixraca yönəldilməsi planlaşdırılır. Bu baxımdan, dəniz külək enerjisinin sahilə ötürülməsi üçün zəruri infrastrukturun yaradılması üzrə AİB ilə əməkdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Sahil infrastrukturlarının qurulması və Avropaya təbii qaz tədarükünün genişləndirilməsi ilə bağlı əməkdaşlıq təkliflərinin AİB tərəfindən müsbət qarşılandığı bildirilib. Enerji interkonnektorları və istilik təchizatı sahəsində əməkdaşlıqla bağlı da müzakirələr aparılıb. Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 31 times