Cümə axşamı, 18 İyul 2024 11:30

"Cənub Qaz Dəhlizi" şirkətinin xalis mənfəəti azalıb

"Cənub Qaz Dəhlizi" QSC 2023-cü ili 1 milyard 277 milyon 785 min dollar xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 1 milyard 608 milyon 399 min dollar xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Cənub Qaz Dəhlizi"nin xalis mənfəəti 330 milyon 614 min dollar və ya 20,5% azalıb

Caspian Energy Media “Marja.az”a xəbər verir ki, "Cənub Qaz Dəhlizi" QSC-nin gəlirləri 2022-ci ildə 2 milyard 649 milyon 957 min dollar ikən, 2023-cü ildə 3 milyard 66 milyon 384 min dollara yüksəlib (416 milyon 427 min dollar və ya 15,7% artıb).

Satışın maya dəyəri, nəqliyyat tarifləri, vergi ödənişləri, ümumi və inzibati xərclər gəlirlərdən daha çox artdığı üçün, Şirkətin xalis mənfəəti düşüb.

“Cənub Qaz Dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Prezidentinin 25 fevral 2014-cü il tarixli Fərmanı ilə yaradılmışdır. Şirkətin 51%-i Azərbaycan Respublikasına,, 49%-i  SOCAR-a məxsusdur.

Şirkət Şahdəniz qaz-kondensat yatağının işlənməsi, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Təbii Qaz Boru Kəməri (“TANAP”) və Trans Adriatik Boru Kəməri (“TAP”)   layihələrinin həyata keçirilməsi məqsədləri ilə yaradılıb.

"SGC Upstream LLC Azerbaijan" (100%), "SGC Midstream LLC Azerbaijan" (100%) , "TANAP Doğalgaz Iletim A.Ş. (“TANAP A.Ş.”) Türkiye" (51%) və "AzTAP GmbH" (100%) "Cənub Qaz Dəhlizi" QSC-nin törəmə şirkətləridir.

Read 324 times