Çərşənbə, 17 İyul 2024 17:05

Cari ildə Sumqayıt Kimya Sənaye Parkında 2 müəssisə fəaliyyətə başlayacaq

Bu il Sumqayıt Kimya Sənaye Parkında 2 müəssisənin (“Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərin, “Az-Tex-Import” MMC-nin “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsalı müəssisələri) fəaliyyətə başlaması nəzərdə tutulur. Bununla əlaqədar iyulun 17-də İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərin istehsalı müəssisəsinə media nümayəndələrinin tanışlıq səfəri təşkil edilib.

“Kartaş Kimya” MMC-nin direktoru Necmeddin Taşbağ media mənsublarına zavodun tikintisi istiqamətində görülmüş işlər, qarşıda duran hədəflər barədə məlumat verib.

Caspian Energy Media İZİA-ya istinadən xəbər verir ki, artıq tikinti kimyəvilərinin istehsalı müəssisəsində tikinti işləri tamamlanmaq üzrədir. Yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq. 250 nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 20 milyon manatdır, layihə üzrə indiyədək görülən işlərə artıq 15 milyon manatdan çox sərmayə qoyulub.

Zavodda tikinti kimyəvilərinin istehsalı ilə yanaşı, ölkə ərazisində ilk dəfə olaraq müxtəlif təyinatlı su izolyasiya materiallarının və zəmin döşəmə məhsullarının istehsalı nəzərdə tutulur.

“Kartaş Kimya” MMC-yə 2022-ci ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Müəssisənin bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılır. Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaq.

Daha ətraflı

Read 287 times