Çərşənbə, 31 İyul 2024 11:24

“Qarabağ” böyükhesablı qələbə ilə mərhələ adlayıb

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxıb. Komanda Bakıda Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edib.

Caspian Energy Media AFFA-ya istinadla xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə Azərbaycan çempionu rəqibini 5:0 hesabı ilə məğlub edib. “Qarabağ”ın heyətində qolların üçünü Juninyo Olavio (17, 31, 44), birini Yassin Benzia (66), birini isə Leandro Andrade (72) vurub. Səfərdəki ilk matçda da 2:0 hesablı qələbə qazanan təmsilçimiz III təsnfat mərhələsinə yüksəlib.

“Qarabağ”ın növbəti raunddakı rəqibi “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi olacaq. Bu komandaların Bolqarıstandakı ilk duelində ev sahibləri 2:0 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-7-də, cavab görüşləri isə ayın 13-də baş tutacaq. “Qarabağ” ilk matçını öz meydançasında keçirəcək.

Read 168 times