Çərşənbə axşamı, 13 Avqust 2024 14:26

“FChain”in ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Tbilisidə şirkətin Gürcüstan üzrə menecerini ziyarət edib

“Financial Chain Corporation”ın (FChain) ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Günel Musa Tbilisidə “FChain”in Gürcüstan üzrə meneceri Ella Lekişvili ilə görüşüb.

“Caspian Energy Media”ya verilən məlumata görə, “FChain”in PR meneceri Günel Musa və “FChain”in Gürcüstan üzrə meneceri Ella Lekişvili arasında keçirilən görüşdə “Financial Chain Corporation”ın ictimaiyyətlə əlaqələrin strategiyası və Gürcüstanda PR və marketinqin konkret detalları ilə bağlı məsələlər müzakirə olunub.

“FChain”in PR meneceri şirkətin ictimaiyyətlə əlaqələr və marketinq strategiyası haqqında geniş məlumat verib və bu məsələnin hazırda son dərəcə vacib olduğunu vurğulayıb. Günel Musa bütün PR və marketinq alətlərinin uğurlu istifadəsi haqqında danışaraq şirkətin son dərəcə yüksək reputasiyaya malik olduğunu qeyd edib.

“FChain”in PR fəaliyyətinə gəlincə, o bildirib ki, 2002-ci ildən dünyanın 15 ölkəsində fəaliyyət göstərirlər və şirkət üzrə ictimaiyyətlə əlaqələr idarəçiliyi Azərbaycandan həyata keçirilir. Günel Musa qeyd edib ki, bu məsuliyyətli fəaliyyətdə hər bir ölkənin ictimaiyyəti və dəyərləri nəzərə alınır və “FChain”in bütün filiallarının PR fəaliyyətləri bərabər statuslu həyata keçirilir.

Ölkə üzrə menecer Ella Lekişvili “FChain”in Gürcüstandakı ofisinə səfərə görə minnətdarlığını bildirib və “FChain” Gürcüstan ofisinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Ella Lekişvili “FChain”in Gürcüstan ofisində peşəkar komandanın çalışdığını bildirib və uğurlu fəaliyyətin tam sürətlə davam etdiyini qeyd edib.

PR və marketinq sahəsində geniş fikir mübadiləsindən sonra “Financial Chain Corporation”ın ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Günel Musa “FChain”in Gürcüstan ofisinin kollektivi ilə görüşüb və xatirə şəkli çəkdirib.

Read 141 times