Cümə axşamı, 30 Oktyabr 2025 12:20

“Medinex 2025” öz işinə başladı

30 oktyabr tarixində Bakı Ekspo Mərkəzində 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları – “Medinex 2025” sərgisinin rsmi açılışı baş tutdu.

Sərginin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirdi ki, Azərbaycanda tibb sərgisinin keçirilməsi ölkənin tibb sahəsində aparıcı mütəxəssislərini bir araya gətirən gözəl bir ənənəyə çevrilib. Onun fikrincə, sərgidə tibbin müxtəlif istiqamətlərinin geniş təmsil olunması bu tədbirin yüksək statusundan xəbər verir. O, sərginin işgüzar proqramının da xüsusi diqqətə layiq olduğunu vurğuladı. Məruzəçinin sözlərinə görə, seminarların və panel konfransların mövzuları müasir tibbin ən vacib məsələlərinə toxunur. Bunu builki sərginin ən böyük nailiyyətlərindən biri adlandırmaq olar.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev sərginin əsas tərəfdaşı qismində çıxış edərək, Medinex-in dövlət və özəl tibb müəssisələri, şirkətlər arasında görüş və əməkdaşlıq əlaqələrinin qurulması üçün mühüm platforma olduğunu qeyd edib və bütün iştirakçılara Azərbaycan tibbinin inkişafı naminə səmərəli iş arzulayıb.

Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini Rəsim İsmayılov vurğuladı ki, sərgi Azərbaycanın tibb sektorunun inkişafında mühüm rol oynayır. Uzun illərdir ki, bu tədbir sahə mütəxəssislərini, aparıcı dövlət tibb müəssisələrinin və özəl klinikaların rəhbərlərini, eləcə də bütün maraqlı tərəfləri bir araya gətirir. Cənab İsmayılov sərgidə yerli dərman preparatları və tibbi avadanlıq istehsalçılarının iştirakını müsbət qiymətləndirdi. Onun sözlərinə görə, gələcəkdə bu şirkətlərin sayı daha da artacaq.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov Azərbaycanın tibb sahəsində əldə etdiyi nailiyyətlərə və tibbi xidmətlərin keyfiyyətinin davamlı olaraq yüksəldiyinə diqqət çəkdi. Məruzəçi xüsusi olaraq qeyd etdi ki, müasir tibb innovasiyalardan və ən yeni texnologiyalardan istifadə etməklə inkişaf edir. Onun fikrincə, bu baxımdan Medinex sərgisi xüsusi yer tutur. Sənaye mütəxəssislərini, tibbi avadanlıq istehsalçılarını, investorları və akademik ictimaiyyəti bir araya gətirən bu platforma Azərbaycanın tibb sektorunun gələcək inkişafında mühüm rol oynayır.

Caspian Event Organisers şirkətinin baş direktoru Fərid Məmmədov Medinex sərgisi ilə bağlı statistik məlumatları təqdim etdi, sponsor və tərəfdaşlara təşəkkürünü bildirdi, iştirakçılara uğurlu fəaliyyət və yeni işgüzar əlaqələr arzuladı.

Medinexsərgisi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)-in dəstəyi ilə keçirilir. Hər iki qurum sərgidə öz stendləri ilə təmsil olunur. Layihəyə Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən fəal dəstək göstərilir. Sərgi “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları — “Caspian Event Management” və “ICA Events” tərəfindən təşkil olunmuşdur.

 

Read 2 times