18 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Asiya Parlament Assambleyasının 15-ci plenar iclası çərçivəsində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Senatının sədri Yusif Rza Gilaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Əsasında dostluq, qardaşlıq, qarşılıqlı hörmət və dəstəyin dayandığı Azərbaycan-Pakistan münasibətlərinin ikitərəfli, o cümlədən çoxtərəfli müstəvidə inkişaf etdirilməsi üçün potensialın mövcud olduğu diqqətə çatdırılıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, AQEM çərçivəsində əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə iki ölkə tərəfindən bir-birinin ərazi bütövlüyü və suverenliyinə göstərilən davamlı dəstək minnətdarlıqla qeyd olunub.
Bu barədə "Caspian Energy Media" XIN-ə istinadən xəbər verir.