Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Qazaxıstan Respublikasının Baş naziri Oljas Bektenovu qəbul edib.
Prezident İlham Əliyev Qazaxıstanın Baş nazirinin ölkəmizə səfəri zamanı vacib layihələrin ətraflı müzakirə olunacağına, əldə edilmiş razılıqların həyata keçiriləcəyinə və bütün istiqamətlər üzrə gələcəkdə də sıx əməkdaşlığın aparılacağına ümidvarlığını bildirdi.
Söhbət zamanı hərtərəfli əməkdaşlığımızın inkişafından məmnunluq ifadə olundu, son üç ildə ölkələrimiz arasında illik ticarət dövriyyəsinin təxminən 3 dəfə artdığı, nəqliyyat dəhlizləri üzrə yüklərin, o cümlədən tranzit yüklərin daşınmasında artımın davam etdiyi vurğulandı. Azərbaycanda və Qazaxıstanda yaradılmış birgə investisiya fondu vasitəsilə investisiya layihələrinə dəstək verilməsi, neft-qaz sahəsində birgə layihələrin həyata keçirilməsi, o cümlədən Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə daşınma həcminin artırılmasının perspektivləri ilə bağlı məsələlər müzakirə olundu.
Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.