Пятница, 28 Ноябрь 2025 06:05

“Caspian Energy Club” Tallinndə Azərbaycanda yeni biznes imkanlarını müzakirə edən beynəlxalq biznes forumda iştirak etdi

25 noyabr 2025-ci il tarixində Estoniyanın paytaxtı Tallinndə “Caspian Energy Club”ın rəsmi tərəfdaşlığı ilə həyata keçirilən "LEF Network Azerbaijan" layihəsi çərçivəsində Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında biznes əlaqələrinin inkişafına həsr olunmuş “Beynəlxalq biznes forum: Azərbaycan diqqət mərkəzində - yeni biznes fürsətlər” adlı genişmiqyaslı forum keçirildi. İşgüzar dairələrin, dövlət qurumlarının, Mərkəzi Baltikyanı regionunun aparıcı iqtisadi və diplomatik institutlarının iştirakı ilə baş tutmuş tədbir çərçivəsində regional əməkdaşlığın gələcək inkişafı müzakirə edildi.
Tədbir Estoniyanın Ticarət və Sənaye Palatasının baş direktoru Mait Paltsın açılış nitqi ilə işinə başladı. Daha sonra Estoniya İqtisadiyyat və Kommunikasiya Nazirliyinin Baş katibi Ahti Kuninqas, Azərbaycanın Estoniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Məhərrəmov və Estoniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vayno Reynart çıxış edərək regional iqtisadi inteqrasiyanın əhəmiyyətini, tərəfdaş ölkələrin qarşılıqlı maraqlarını və gələcək əməkdaşlıq üçün mövcud imkanları dəyərləndirdilər.
Daha sonra “Caspian Energy Club Europe”un sədri Rasim Mahmudov “Azərbaycan iqtisadiyyatı rəqəmlərdə” mövzusunda əsas məruzə ilə çıxış edərək ölkənin makroiqtisadi göstəricilərini, son illərdə formalaşan dayanıqlı iqtisadi dinamikanı, əlverişli investisiya mühitini və qeyri-neft sektorunda genişlənən potensialı dinləyicilərin nəzərinə çatdırdı. O, həmçinin “Caspian Energy Club”ın fəaliyyəti, təqdim etdiyi imkanlar, sahibkarlara müxtəlif ölkələrin şirkətlərinin Azərbaycanda tərəfdaş tapması, bazara daxil olması və korporativ əlaqələr qurması üçün yaratdığı geniş imkanlar haqqında ətraflı məlumat verdi.
Latviya Ticarət və Sənaye Palatasının Avropa İttifaqı Layihələri departamentinin direktoru Liqa Sıçeva “LEF Network Azerbaijan” layihəsinin nəticələrini nümayiş etdirərək Azərbaycan, Latviya, Estoniya və Finlandiya biznesləri arasında əməkdaşlığı gücləndirməyə yönəlmiş təşəbbüslərin uğurlarını, şirkətlərarası inteqrasiyanın dinamik artımını əks etdirən xüsusi videonu iştirakçıların diqqətinə çatdırdı. 
Mərkəzi Baltik ölkələri və Azərbaycan arasında yeni biznes imkanlarına həsr olunan ilk panel əsnasında Azərbaycan-Baltik biznes münasibətlərinin inkişaf perspektivləri, ticarət dövriyyəsinin artırılması üçün yeni sahələr, startap ekosistemi daxilində tərəfdaşlıq formatları və mövcud uğulu layihələr müzakirə edildi.
“Süni intellektin beynəlxalq əməkdaşlığın artırılmasındakı rolu” mövzusunda keçirilən ikinci paneldə iştirakçılar süni intellekt texnologiyalarının dövlət idarəetməsində, sənayedə, startap mühitində və biznes proseslərində yaratdığı geniş və transformativ imkanları vurğuladılar.
Forum iştirakçıların qarşılıqlı maraq doğuran mövzular ətrafında apardıqları geniş müzakirələrlə tamamlandı.
Xatırladaq ki, “Caspian Energy Club International” “European Union Central Baltic” proqramı çərçivəsində yaradılmış “LEF Network Azerbaijan” layihəsinin rəsmi tərəfdaşı seçilib. Üçillik “LEF Network Azerbaijan” layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlib. 2023-cü ildən başlayan layihə 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sektorlarında fəaliyyət göstərən şirkətlərə dəstək verəcək. Bu layihə çərçivəsində 36 ay ərzində Finlandiya, Estoniya, Latviya və Azərbaycan şirkətləri arasında İKT, yaşıl texnologiyalar və təhsil sahəsində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları Latviya Ticarət və Sənaye Palatası, Estoniya Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universitetidir.
 
“Caspian Energy Holding” haqqında qısa məlumat
“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.
“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”. 
“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.
2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır
Read 16 times Last modified on Пятница, 28 Ноябрь 2025 07:36

 

НОВОСТИ