Пятница, 24 Май 2024 15:45

Bakı Enerji Həftəsində bu il də “Zero Waste” proqramı tətbiq ediləcək

5 və 6 iyun tarixlərində Azərbaycanda ənənəvi olaraq keçirilən Bakı Enerji Həftəsi çərçivəsində 29-cu Bakı Enerji Forumu keçiriləcəkdir.

Bakı Enerji Forumu enerji sahəsinin əsas istiqamətlərinin işıqlandırılması üçün mühüm müzakirə platformasıdır. Bakı Konqres Mərkəzində təşkil ediləcək forumda ümumilikdə 600-dən çox nümayəndənin iştirakı gözlənilir. İştirakçılar siyahısında Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Bolqarıstan, BƏƏ, Çin, Əlcəzair, Fransa, İtaliya, Norveç, Macarıstan, Səudiyyə Ərəbistan, Sloveniya Türkiyə, Yaponiya, Almaniya və digər ölkələrdən olan şirkətlər yer alacaq.

Bu ilki tədbirin əsas gündəliyi olaraq “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq”, “Xəzər regionunda Yaşıl Enerji və Hidrogen Potensialı”, “Beynəlxalq Qaz Təchizatı” və digər mövzular müzakirə olunacaqdır. COP29 ərəfəsində Bakı Enerji Forumunun proqramına “COP29: Azərbaycan üçün yeni çağırışlar və imkanlar” adlı xüsusi sessiya da əlavə olunub. Sessiyada məruzəçi qismində iştirak etmək üçün digər ölkələrdən xüsusi  qonaqlar dəvət olunub. 

2023-cü ildə Bakı Enerji Forumunda ilk dəfə olaraq “Zero Waste” (Sıfır Tullantı) proqramı tətbiq olunmuşdur. Qlobal iqlim böhranını aradan qaldırmaq istiqamətində əsas həll yollarından biri kimi hesab olunan “Zero Waste” proqramı tullantıların qarşısının alınmasına yönəlmiş prinsiplər toplusudur ki, bu da məhsulların və resursların təyinatının dəyişdirilməsi və ya təkrar istifadə olunması yolu ilə istifadəyə yararlılığını artırmağı təşviq edir.

“Zero Waste” prinsipinə sadiq qalaraq 2024-cü ildə də Bakı Enerji Forumu zamanı çap vasitələrindən istifadə minimum səviyyəyə qədər azaldılaraq, əsasən elektron vasitələrə üstünlük veriləcək. İstifadəçilərin rahatlığı üçün tədbirlər proqramı barədə məlumatların əldə edilməsini asanlaşdıran QR kodlar təqdim olunacaq. Beynəlxalq “Zero Food Waste” təşəbbüsünü dəstəkləyərək, forum zamanı qidadan optimal istifadə prinsipi də tətbiq ediləcək. Belə ki, tədbirlər zamanı istifadə olunmayan qidalar heyvan sığınacaqlarına veriləcək.

Həmçinin, forum zamanı “Zero Waste” proqramı çərçivəsində tədbirin bütün nümayəndələri üçün təkrar emal olunmuş plastikdən bloknotlar, qələmlər və nəm salfetlər, eko dəridən isə çantalar hazırlanacaqdır.  

Bundan başqa, Bakı Enerji Forumu çərçivəsində “MiniBoss” məktəbinin tələbələrinin “Econotes” və “Ecoleaf” adlı startapları nümayiş olunacaq. “Econotes” startapının ideyası başlıq hissəsində toxum olan qələmdir. Qələm istifadə olunub bitdikdə başlıq hissəsindəki toxumu yetişdirərək, bitki əldə etmək mümkündür. “Ecoleaf” isə psixoloji və ekoloji ehtiyacları qarşılayan bir qeyd dəftəridir. Dəftərin tərkibindəki vərəqlər adi görünsə də, onlar əkilə bilən kağızlardan hazırlanmışdır. Belə ki, qeyd dəftəri bitdikdən sonra vərəqləri torpağa əkməklə bitki yetişdirmək mümkündür. Nəticədə bioloji təmiz kağızdan çiçək yetişəcəkdir. Startapın yaradıcıları bildiriblər ki, startaplar Azərbaycanda ekoloji cəhətdən təmiz materiallardan hazırlanmış məhsullardır. Forumda iştirak edən nümayəndələrə də bu qələmlər və qeyd dəftərləri təqdim olunacaq.

Bundan əlavə, ötən illərdən etibarən tədbir üçün reklam vasitələrinin çapı minimuma endirilərək, forumun təşkil edildiyi məkanda elektron rollaplardan və reklam lövhələrindən istifadə olunur. Tədbirin keçiriləcəyi Bakı Konqres Mərkəzi də ekoloji konseptdə inşa edilmişdir. Belə ki, mərkəzin damında quraşdırılmış günəş enerjisi panelləri vasitəsilə kifayət qədər enerji toplanması sayəsində enerji istifadəsinə sərf olunan xərclər azaldılmışdır.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərə Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir.

Baku Enerji Forumunun təşkilatçısı “Iteca Caspian” şirkəti, eləcə də onların tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir. Eyni zamanda, tədbirlər Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən aktiv şəkildə dəstəklənir. Rəsmi tərəfdaşlar qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services”, “Atəşgah" Sığorta, "Hyatt Regency Baku", "Ibis Baku City", "Radisson Hotel Baku", "Lilac" və "Greenwich Travel Club" şirkətləri çıxış edir.

 

Read 585 times Last modified on Пятница, 24 Май 2024 11:50

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ