Четверг, 14 Ноябрь 2024 16:15

“Caspian Energy” jurnalının COP29-a həsr olunmuş xüsusi buraxılışı Bolqarıstan Prezidentinə təqdim olundu

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev Bolqarıstan Respublikasının prezidenti cənab Rumen Radevə jurnalın COP29-a həsr olunmuş xüsusi buraxılışı təqdim edib. Bu barədə “Caspian Energy Club”ın mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, “Caspian Energy” jurnalının xüsusi buraxılışında  Rumen Radev ilə eksklüziv müsahibə yer alıb. Bu müsahibədə dövlət başçısı Azərbaycan, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya arasında reallaşması nəzərdə tutulan “Həmrəylik halqası” layihəsi, eləcə də Bolqarıstan ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın geniş imkanları haqqında ətraflı məlumat təqdim edib.

Bolqarıstan prezidenti “Caspian Energy Club”ın dəstəyi ilə nəşr edilən “Caspian Energy” jurnalının qlobal enerji və iqlim problemlərinə dair aktual məlumatların yayılmasında verdiyi töhfəni yüksək qiymətləndirib. Onun sözlərinə görə, bu, “Caspian Energy” jurnalının Xəzər, Qara dəniz və Baltikyanı ölkələrin iş dünyası üçün mühüm məlumat mənbəyi olduğunu bir daha təsdiqləyir. Prezident, həmçinin, jurnalda dərc olunan məqalələrin davamlı inkişaf üçün dəyərli fikir və təkliflər təqdim etdiyini qeyd edib. Sonda Bolqarıstan prezidenti əməkdaşlığın daha da dərinləşəcəyinə ümidvar olduğunu bildirib və jurnalın beynəlxalq aləmdə nüfuzunu gücləndirməsini arzulayıb.

“Caspian Energy Club”ın dəstəyi ilə dünyanın 70 ölkəsində nəşr edilən “Caspian Energy” jurnalının hər buraxılışında müxtəlif ölkələrin prezidentləri və baş nazirləri, habelə iri transmilli şirkətlərin başçıları ilə müsahibələr, aparıcı ekspertlərin şərhləri və analitik materiallar dərc olunur. Müxtəlif hesablamalara görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının investisiyalar, yaşıl iqtisadiyyat, ənənəvi və yaşıl enerji, sənaye və innovativ texnologiyalar üzrə beş aparıcı nəşr sırasındadır. Jurnal həmin regionlarda öz fəaliyyətini müəyyənləşdirmək istəyən bir çox sərmayədarlar üçün oriyentirdir.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. 

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün yaşıl iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya və yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.

Read 254 times Last modified on Четверг, 14 Ноябрь 2024 13:29

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ