Belçikanın Brüssel şəhərində Slovakiyanın üzləşdiyi qaz təchizatı problemi ilə bağlı Avropa Komissiyası və Slovakiya arasında yaradılmış İşçi qrupunun növbəti iclasında Azərbaycan energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub.
İclasda Avropa Komissiyasının Energetika üzrə Baş İdarəsinin direktoru Kristina Lobillo Borrero və Slovakiya Respublikasının Baş nazirinin müavini - iqtisadiyyat naziri Denisa Sakova iştirak ediblər. Avropa Komissiyası və Slovakiya Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi strateji əhəmiyyətini vurğulayıb. Həm təbii qazın tədarükü, həm də “yaşıl enerji” sahəsində əməkdaşlığın inkişafı üçün qarşılıqlı fəaliyyət və dəstəyə hazırlıq ifadə olunub.
SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun da iştirak etdiyi tədbirdə ölkəmizin təbii qaz potensialı, xüsusilə də Avropaya əlavə ixrac imkanları barədə təqdimat edilib. Səfər çərçivəsində Avropa Komissiyasının Enerji üzrə Baş Direktoru Ditte Juul Jorgensen ilə görüş keçirilib. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında enerji dialoqu, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində əməkdaşlıq, Mərkəzi Asiyadan “yaşıl enerji” tranziti də daxil olmaqla Avropaya bərpa olunan enerjinin müxtəlif marşrutlarla tədarükü məsələsi müzakirə olunub. Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.