Macarıstanın paytaxtı Budapeşt şəhərində “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə 10-cu Nazirlər/Rəhbər Komitənin iclası keçirilib. Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Macarıstanı xarici işlər və ticarət naziri Peter Siyarto, Gürcüstanı Baş nazirin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, Rumıniyanı energetika naziri Sebastian-İoan Burduja, Bolqarıstanı isə energetika naziri Jeço Stankov təmsil edib. Görüşdə, həmçinin Avropa Komissiyası, Birgə Müəssisə (GECO Power Company) və “CESI” şirkətinin nümayəndələri də iştirak edib.
İclasda Azərbaycanın bərpa olunan enerji potensialının inkişafı, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə irəliləyişlər və perspektivlər nəzərdən keçirilib. “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) fəaliyyəti, Bolqarıstanın layihəyə cəlbi, “CESI” şirkəti tərəfindən həyata keçirilən texniki-iqtisadi əsaslandırmanın (TİƏ) cari vəziyyəti, layihənin maliyyələşdirilməsi üzrə Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.
Müzakirələrdən sonra dörd ölkənin nazirləri tərəfindən iclasın yekunlarına dair Protokol və “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Dan Yorgensenə Birgə Məktubu” imzalanıb. Məktub “Xəzər-Qara Dəniz Yaşıl Enerji Dəhlizi” layihəsinə Ortaq Maraqlar Layihəsi (PMI) statusunun verilməsinə müvafiq dəstəyi təmin etmək məqsədi daşıyır. Aİ-nin On İllik Şəbəkə İnkişafı Planına (TYNDP) layihənin daxil edilməsi üçün 2025-ci ilin 1 aprelindən 9 mayına qədər müvafiq müraciətin ötürücü sistem operatoru kimi “Transelectrica” tərəfindən, ümumi prosesə nəzarətin isə GECO ilə birgə həyata keçirilməsi razılaşdırılıb. Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.