Bakıda Azərbaycanın İqtisadiyyat və Sloveniyanın İqtisadiyyat, Turizm və İdman nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və “SPIRIT Slovenia” Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-Sloveniya biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, İKT, tekstil, turizm, tikinti və maşınqayırma kimi sahələrdə fəaliyyət göstərən 40-a yaxın şirkət nümayəndəsi iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov forum zamanı həyata keçiriləcək qarşılıqlı faydalı müzakirələrin əməli addımlar və konkret layihələrlə müşayiət olunacağına, nəticə etibarilə Azərbaycan-Sloveniya tərəfdaşlığının güclənərək daha dayanıqlı və çoxşaxəli xarakter almasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan və Sloveniya arasında son zamanlar dinamik xarakter alan yüksək səviyyəli səfərlərin, artan siyasi dialoqun, genişlənən iqtisadi əməkdaşlığın, habelə ilk dəfə təşkil olunmuş Birgə İşçi Qrupunun iclasının və biznes forumun hər iki tərəfin qarşılıqlı marağının və bir çox sahələr üzrə əməkdaşlıq niyyətinin aydın təzahürü olduğu vurğulanıb. Bu barədə “Caspian Energy Media” AZPROMO-ya istinadən xəbər verir.