Cümə, 10 Yanvar 2025 16:16

7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin səsvermə mərhələsi başladı

"Award Organizers Group" tərəfindən təşkil edilən 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin səsvermə mərhələsi başlayıb. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Müsabiqə "Award Organizers Group"un təşkilatçılığı, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu və “Caspian Energy Club”ın rəsmi dəstəyi ilə keçirilir.

“Azərbaycanda fəaliyyət göstərən yerli korporativ, sosial, xidmət və məhsul brendləri bu müsabiqəyə qoşularaq, 2024-cü ilin ən tanınan və seçilən 50 korporativ məhsul və xidmət brendi sırasına daxil ola bilərlər”, - Telman Əliyev bildirib. Telman Əliyev həmçinin qeyd edib ki, əvvəlki illərdə olduğu kimi, bu dəfə də müsabiqə böyük maraqla qarşılanıb.

“Qeydiyyat mərhələsində bir çox şirkətlər brendlərini rebrendinq etmək və sosial şəbəkələrdə tanıtmaq məqsədilə bizə müraciət ediblər. Birgə müzakirələr zamanı şirkətlərin inkişaf strategiyalarında, həmçinin rəsmi veb-saytlarında və sosial media platformalarında mühüm dəyişikliklər edilib. Biz şirkətləri həm milli, həm də beynəlxalq “Brand Award” müsabiqələrində iştirak etməyə təşviq etmişik. Bununla onlar yeni tərəfdaşlar və istehlakçılar qazanmaqla yanaşı, ölkə hüdudlarından kənarda da tanınmaq şansı əldə ediblər,” – deyə Telman Əliyev vurğulayıb.

Xatırladaq ki, səsvermə yanvarın 10-dan 31-dək müstəqil onlayn platformada keçiriləcək. Onlayn səsvermənin keçid linkinə müsabiqənin rəsmi “www.brandaward.az” saytı və müsabiqənin sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə daxil olmaq mümkündür. İstifadəçilər iştirak edən brendlər arasında 5 brenddən az olmamaq şərti ilə brendləri seçib səs verə bilərlər. Müsabiqənin qaliblərinə sertifikat və mükafatlar 19 fevral 2025-ci il tarixində keçiriləcək tədbirdə təqdim ediləcək.

Qeyd edək ki, 7-ci “Brand Award Azerbaijan” milli müsabiqəsinin qalibi olan 50 brend, eləcə də müxtəlif ölkələrdə keçirilən milli və regional “Brand Award” müsabiqələrinin qalibləri 2025-ci ilin sonunda baş tutacaq “Brand Award International” beynəlxalq yekun müsabiqəsində iştirak etmək imkanı qazanacaqlar.

"Award Organizers Group" “Caspian Energy Club” qrupuna daxil olan şirkətdir. "Award Organizers Group" dünyanın 12 ölkəsində “Caspian Energy Award”, “Caspian Business Award”, “Brand Award”, “Media Award International”, “CEO Award”, “HR Award”, “CFO Award”, “PR Award” və digər milli və beynəlxalq mükafatların təqdimat mərasimlərinin və müsabiqələrinin təşkilatçısıdır.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”ın dəstəyi ilə “Caspian Energy İnternational Media Group” fəaliyyət göstərir və 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir. “Caspian Energy İnternational Media Group”un fəaliyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır. 

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini və Xəzər-Qara Dəniz və Baltikyanı ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya, yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.

 

Read 11 times Last modified on Cümə, 10 Yanvar 2025 11:39