“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkilatçılığı, Bakı Fond Birjasının rəsmi tərəfdaşlığı və “Paşa Bank”ın qızıl sponsorluğu ilə 12-ci Beynəlxalq “Caspian Investment Forum” keçirilib.
Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev bildirib. Onun sözlərinə görə, forum təkcə Azərbaycanın deyil, bütövlükdə regionun maliyyə və investisiya sahələrindəki inkişaf perspektivlərinin müzakirəsi üçün unikal platforma rolunu oynayıb. Tədbir beynəlxalq sərmayəçiləri, maliyyə ekspertlərini və iqtisadi inkişafla maraqlanan müxtəlif sahələrin nümayəndələrini bir araya gətirərək fikir mübadiləsinə və strateji müzakirələrə imkan yaradıb.
Forumun açılış nitqləri “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev, Azərbaycan Respublikası Mərkəzi Bankının Kapital Bazarı Fəaliyyətinə dair Siyasət və Tənzimlənmə Departamentinin direktoru Umeyra İbrahimova, Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov, Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin İdarə Heyətinin sədrinin müşaviri Müşfiq Əhmədli və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) İdarə Heyətinin sədri Ceyhun Hacıyev tərəfindən səsləndirilib.
12-ci Beynəlxalq “Caspian Investment Forum”un əsas müzakirə mövzularından biri olan “İstiqraz və səhm bazarlarının inkişaf perspektivləri”, maliyyə sektorunun gələcək inkişaf dinamikasını, bazarların müasir tələblərini və yeni tendensiyaları əhatə edib. Bu mövzu ətrafında aparılan geniş müzakirələr iştirakçılara maliyyə bazarlarındakı dəyişikliklərin mahiyyətini, onların investorlar üçün əhəmiyyətini və perspektiv imkanlarını daha dərindən anlamağa imkan yaradıb.
“Regional və qlobal fond bazarlarına çıxış imkanları” mövzusu da forumun əsas diqqət mərkəzində olub. İştirakçılar dünya fond bazarlarına inteqrasiya imkanlarını, sərmayə yatırmaq üçün ən effektiv strategiyaları və bu bazarlarda uğur qazanmağın əsas prinsiplərini ətraflı müzakirə ediblər. Aparılan diskussiyalar iştirakçılara beynəlxalq bazarlarda uğurlu fəaliyyət göstərmək üçün vacib bilik və praktiki təcrübə qazandırıb.
Bundan əlavə, forum çərçivəsində “Kapital bazarlarında investisiya imkanları və yeni trendlər” mövzusu da geniş müzakirə edilib. "Kapital bazarlarında sərmayə qoyuluşunun yeni yanaşmaları iqtisadi inkişafı dəstəkləməklə yanaşı, investorlar üçün gəlirli imkanlar yaradır," – deyə Telman Əliyev vurğulayıb.
Tədbirdə çıxış edən Umeyra İbrahimova bildirib ki, Azərbaycanda qiymətli kağızlar bazarı qanunvericiliyinin beynəlxalq standartlara ve yerli bazarın tələbinə uyğunlaşdırılması ilə bağlı geniş bir layihəyə start verilib. O, Mərkəzi Bank tərəfindən qəbul olunmuş “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nda kapital bazarları xüsusi önəm kəsb etdiyini qeyd edib.
Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının İdarə Heyətinin sədri Ceyhun Hacıyev, öz növbəsində bildirib ki, Azərbaycanın kapital bazarlarının beynəlxalq platformalara daha sıx inteqrasiyası, xarici investorların cəlb olunması və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi prioritet məsələlər sırasındadır.
Bakı Fond Birjasının İdarə Heyətinin sədr müavini, Baş kommersiya inzibatçısı Oqtay Qasımovun moderatorluğu ilə davam edən “Yerli şirkətlərin kapital bazarları vasitəsilə strateji inkişafı” adlı panel müzakirəsində Azərbaycan Respublikası Mərkəzi Bankının Qiymətli Kağızların Qeydiyyatı Şöbəsinin müdiri Asəf Məmmədov, Azərsun Holdinqin baş maliyyə direktoru Nejat Ersoy, Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının (AFBİA) İdarə Heyətinin üzvü Pərvanə Qasımova və PAŞA Bankın Kreditləşmə, İnnovasiya və Xidmətlərin Optimizasiyası üzrə sahə lideri Ceyhun Baloğlanov panelist qismində çıxış ediblər.
12-ci Beynəlxalq “Caspian Investment Forum” iştirakçılara maliyyə sahəsindəki ən son yenilikləri təqdim etməklə yanaşı, qarşılıqlı faydalı əlaqələrin qurulması və möhkəmləndirilməsi üçün effektiv platforma rolunu oynayıb. Telman Əliyev forumun keçirilməsinin müxtəlif maliyyə institutları və beynəlxalq təşkilatlar arasında əməkdaşlığın gücləndirilməsi baxımından mühüm addım olduğunu qeyd edib. O, həmçinin forumun yerli və beynəlxalq sərmayəçilər üçün yeni əməkdaşlıq imkanları yaratdığını və maliyyə sektorunun gələcək inkişafı üçün yeni perspektivlər açdığını vurğulayıb.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. “Caspian Energy Club”ın dəstəyi ilə “Caspian Energy İnternational Media Group” fəaliyyət göstərir və 30-dan çox elektron, çap və onlayn yerli və beynəlxalq media resurslarını idarə edir. “Caspian Energy İnternational Media Group”un fəaliyətinin flaqmanı olan “Caspian Energy” jurnalı dünyanın 70-dən çox ölkəsində yayımlanır.
Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini və Xəzər-Qara Dəniz və Baltikyanı ölkələrini əhatə edir. “Caspian Energy Club”ın həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya, yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.
Cümə, 14 Mart 2025 14:01
Kapital bazarının imkanları 12-ci Beynəlxalq “Caspian Investment Forum”da sahibkarlara təqdim olunub
Published in
CASPİAN ENERGY CLUB
Tagged under
Latest from
- Azərbaycanla ABŞ arasında uzunmüddətli enerji tərəfdaşlığının genişləndirilməsi perspektivləri dəyərləndirilib
- Оценены перспективы расширения энергетического партнерства между Азербайджаном и США
- Президент Кыргызстана встретился с Верховным комиссаром ООН по правам человека
- Министр энергетики провел встречу с вице-президентом компании ExxonMobil
- Energetika naziri “ExxonMobil” şirkətinin vitse-prezidenti ilə görüşüb