Bazar ertəsi, 10 Fevral 2025 15:28

Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan "yaşıl enerji dəhlizi" layihəsinə dair Memorandumun mətnini razılaşdırıblar

Türkiyənin İstanbul şəhərində keçirilmiş Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi layihəsinin müzakirəsinə dair bu ölkələrin nazir müavinlərinin 3-cü iclasında ölkəmizi energetika nazirinin müavini Orxan Zeynalovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirdə “Azərenerji” ASC-nin nümayəndələri də iştirak edib.

Nazir müavini Orxan Zeynalov çıxışında Azərbaycanın enerji keçidi sahəsində mövcud strategiyası, bərpa olunan enerji potensialı və yaşıl enerjinin ixracı istiqamətində atılan addımlar barədə məlumat verib. Azərbaycanda yaşıl enerji zonalarının yaradılması və Xəzər dənizində külək enerjisi potensialının reallaşdırılması istiqamətində həyata keçirilən layihələrdən, həmçinin ölkəmizi Avropa ilə birləşdirəcək yaşıl enerji dəhlizlərindən danışılıb.

İclasda dörd ölkə arasında elektrik enerjisi mübadiləsinin genişləndirilməsi imkanlarına və layihə üzrə müqavilə-hüquq bazasının formalaşdırılması məqsədilə hazırlanmış “Azərbaycan Respublikasının Energetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi və Bolqarıstan Respublikasının Energetika Nazirliyi arasında yaşıl enerjinin ötürülməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun layihəsi müzakirə edilib və sənədin mətni razılaşdırılıb.

Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.

 

Read 52 times Last modified on Bazar ertəsi, 10 Fevral 2025 11:34