Cümə, 09 Avqust 2024 10:56

Elektron Təhlükəsizlik Xidməti ilə Qazaxıstanın TSARKA təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) nümayəndə heyəti 5-7 avqust 2024-cü il tarixində Qazaxıstana işgüzar səfər edib.

Elektron Təhlükəsizlik Xidmətindən “Caspian Energy Media”ya verilən məlumata görə, səfər çərçivəsində ETX və Qazaxıstanın özəl Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (CERT) olan TSARKA arasında informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahələrini əhatə edən Anlaşma Memorandumu imzalanıb. Memorandum tərəflər arasında informasiya təhlükəsizliyi, məlumat və təcrübə mübadiləsi istiqamətində birgə fəaliyyəti nəzərdə tutur.

Görüş zamanı, həmçinin tərəflər arasında əməkdaşlığın perspektivlərinə və TSARKA təşkilatının informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində təqdim etdiyi məhsul və xidmətlərə dair fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, ETX Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiya”sının icrasına uyğun olaraq digər ölkələrin CERT-ləri və oxşar qurumları ilə əməkdaşlığın qurulması istiqamətində fəaliyyətini davam etdirir.

Read 391 times Last modified on Cümə, 09 Avqust 2024 07:11