Çərşənbə axşamı, 04 Mart 2025 11:57

Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair mühüm sənəd imzalanıb

Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal dəhlizin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin mühüm komponenti olan Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisi üzrə növbəti mərhələyə başlanılır. Azərbaycan və Qazaxıstanın Baş nazirləri Əli Əsədov və Oljas Bektenovun iştirakı ilə Xəzər dənizinin dibi ilə sualtı fiber-optik kommunikasiya xətlərinin tikintisinə dair müqavilənin təsdiq edilməsi haqqında sənəd imzalanıb. Sənədi “AzerTelecom” şirkətinin Direktorlar Şurasının sədri Emil Məsimov və “Kazakhtelecom” şirkətinin Direktorlar Şurasının sədri Bagdat Musin imzalayıblar.

Region üçün strateji əhəmiyyət daşıyan Transxəzər Fiber Optik Kabel Xətti Layihəsi çərçivəsində Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) şəhərləri arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xətti çəkiləcək. Bu, çoxterabitli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin edəcək.

Tikinti prosesi sahilyanı ərazilərin və dəniz dibinin qiymətləndirilməsi, yüksəkkeyfiyyətli, davamlı kabellərin layihələndirilməsi və istehsalı, habelə onların daşınması və quraşdırılması da daxil olmaqla bir neçə mərhələdə həyata keçiriləcək. “AzerTelecom” və “Kazakhtelecom” şirkətləri tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.

Read 6 times