Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdelina Qrononun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regional təhlükəsizlik məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin perspektivləri müzakirə olunub.
Görüş zamanı iqtisadiyyat-ticarət, enerji, nəqliyyat və kommunikasiyalar sahələrində Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının vacibliyi qeyd olunub. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı rola toxunularaq, gələcəkdə Azərbaycandan yaşıl enerji resurslarının Avropaya ixracını nəzərdə tutan layihələrin reallaşması ilə bu rolun daha da artacağına dair ümidvarlıq ifadə olunub.
Bu barədə “Caspian Energy Media” Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.