Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 12-də BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosu qəbul edib.
Migel Anxel Moratinos, ilk növbədə, BMT-nin Sivilizasiyalar Alyansının fəaliyyətinə göstərdiyi daimi dəstəyə, onun gündəliyində duran məqsəd və məramların beynəlxalq səviyyədə irəli aparılması işinə verdiyi töhfələrə görə dövlətimizin başçısına və Azərbaycan Respublikasına təşəkkürünü bildirdi.
Alyansın gündəliyində duran məsələlərin Azərbaycan Respublikasının siyasəti ilə tam uyğunluq təşkil etdiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin dünyada sivilizasiyalar və mədəniyyətlər arasında dialoqu yaxından təşviq etdiyini vurğuladı, bu baxımdan Azərbaycanın və BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirdikləri birgə tədbirlərin əhəmiyyətinə toxundu.
Görüşdə Azərbaycan ilə BMT, o cümlədən BMT-nin müxtəlif təşkilatları arasında əməkdaşlıqdan məmnunluq ifadə olundu.
Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.