Bakıda İqtisadiyyat Nazirliyinin, İspaniyanın İqtisadiyyat, Ticarət və Biznes nazirliklərinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, İspaniya İşəgötürənlər Təşkilatları Konfederasiyası, İspaniya İxrac və İnvestisiyalar İnstitutu və İspaniya Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan-İspaniya biznes forumu keçirilib. Forumda hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, enerji, tikinti, logistika, infrastruktur və digər sahələrdə fəaliyyət göstərən 90-dan çox şirkətin nümayəndələri iştirak ediblər.
Tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, İspaniya İşəgötürənlər Konfederasiyasının baş icraçı direktoru Marta Blanko, Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov və İspaniyanın Azərbaycandakı səfiri Kristina Latorre Sanço tərəfdaşlığın inkişafı istiqamətləri barədə çıxış ediblər.
Forum çərçivəsində İspaniya şirkətləri üçün enerji və dayanıqlılıq, su, infrastruktur, tikinti və mühəndislik, texnologiya və rəqəmsallaşma mövzularında B2G sessiyaları təşkil olunub.
Bu barədə “Caspian Energy Media” AZPROMO-ya istinadən xəbər verir.