“Caspian Investment Week” çərçivəsində Mərkəzi Baltikyanı ölkələrdən və Azərbaycandan 100-dən çox iştirakçını bir araya gətirən “International B2B Forum” keçirilib. Bu barədə “Caspian Energy Club International”ın İdarəedici direktoru Günel Quliyeva məlumat verib.
“LEF Network Azerbaijan” proqramı çərçivəsində təşkil olunan tədbirdə Latviya, Estoniya və Finlandiyadan olan iş adamlarından ibarət nümayəndə heyəti iştirak edib. İqtisadi-ticarət əlaqələrinin inkişafı, işgüzar tərəfdaşlığın gücləndirilməsi və ikitərəfli əməkdaşlığın artırılması məqsədi ilə keçirilən forum iri, orta dövlət və özəl şirkətlərin top-menecerlərini bir araya toplayıb.
Forum “Caspian Energy Club”ın baş icraçı direktorunun birinci müavini, baş maliyyə direktoru Rasim Mahmudovun salamlama nitqi ilə başlayıb, o, iştirakçılara klubun fəaliyyəti və Azərbaycanda investisiya imkanları barədə ətraflı məlumat verib.
“LEF Network Azerbaijan” proqramı, Mərkəzi Baltikyanı ölkələrdə Azərbaycanın müsbət imicini yaradaraq, ikitərəfli əməkdaşlığı genişləndirməyə və ölkəyə uzunmüddətli marağı qorumağa kömək edir. Eyni zamanda, forum yüksək texnologiyalar, təhsil və yaşıl layihələr sahələrində uğurlu təcrübə mübadiləsinə imkan yaradır”, - deyə Rasim Mahmudov bildirib.
Tədbir çərçivəsində Latviya Ticarət və Sənaye Palatasının Aİ layihələri departamentinin rəhbəri Liqa Siçevanın hazırladığı “LEF Network Azerbaijan” layihəsinin təqdimatı keçirilib. Proqram həmçinin Mərkəzi Baltik və Azərbaycan nümayəndələrinin sektoral TECH təqdimatları, şirkətlərin “pitching” sessiyası (hər şirkət üçün 3 dəqiqə), networking-nahar və B2B görüşlərini əhatə edib. İştirakçılar öz innovativ layihələrini təqdim edə biləcəkləri “pitching” sessiyası xüsusi maraq doğurub.
“Mərkəzi Baltikyanı ölkələrin şirkətlərinin Azərbaycan bazarına daxil olması və onun investisiya imkanları ilə tanış olması üçün şərait yaratmaq məqsədini daşıyan bu forum, uğurlu tərəfdaşlıq və uzunmüddətli əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində atılan mühüm addımdır. Bəzi şirkətlər Azərbaycandan xammal almaqda, bəziləri isə burada öz xidmətlərini göstərməkdə maraqlıdır. Ümumiyyətlə, “LEF Network Azerbaijan” proqramı Latviya, Estoniya, Finlandiya və Azərbaycanın özəl sektoru arasında ikitərəfli ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, ixrac və idxal imkanlarının artırılması, eləcə də təhsil, İKT və “yaşıl” texnologiyalar sahələrində perspektivlərin araşdırılmasını hədəfləyir”, - deyə Günel Quliyeva vurğulayıb.
Günel Quliyevanın sözlərinə görə, Baltikyanı ölkələrin sahibkarlarından ibarət nümayəndə heyətinin Azərbaycana növbəti səfəri oktyabr ayında nəzərdə tutulub. Bu səfər çərçivəsində 2-ci “Central Baltic & Azerbaijan B2B Forum” baş tutacaq; ilk belə forum mayın 28-də Riqada keçirilib.
Günel Quliyevanın sözlərinə görə, Baltikyanı ölkələrin sahibkarlarından ibarət nümayəndə heyətinin Azərbaycana növbəti səfəri oktyabrda nəzərdə tutulub.
“Bu səfər çərçivəsində 2-ci “Central Baltic & Azerbaijan B2B Forum” baş tutacaq. İlk belə forum mayın 28-də Riqada keçirilib. “Caspian Investment Week” çərçivəsində şirkətlər üçün bir sıra əlavə B2B görüşlər keçirməyi planlaşdırırıq. Bu tədbirlərdə iştirak edən hər bir sahibkar Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verən kiçik, orta və ya iri investordur”, - deyə Günel Quliyeva əlavə edib.
Forum zamanı aşağıdakı mövzular müzakirə olunub: Tallin Şəhər Təhsil Şöbəsinin rəhbəri Kaarel Rundunun “Edtech sektorunun yerli və regional hakimiyyət orqanları ilə əməkdaşlığı: vətəndaşlara geniş spektrli xidmətlər göstərmək imkanları” təqdimatı; “Energia VFX”nin həmtəsisçisi və kompüter qrafikasının rəhbəri Santeri Ohala tərəfindən təqdim edilən “Rəqəmsal Vizual Effektlər - Finlandiyada Texnologiyalar”; Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin baş layihə rəhbəri Ziniddin Babayevin “Azerbaijan TECH sektor” təqdimatı.
Networking-naharla davam edən forum iştirakçılara ikitərəfli əlaqələr qurmaq imkanı yaradıb. Forum B2B sessiyaları ilə başa çatıb; bu sessiyalarda 13 şirkət görüşlər keçirib və məhsul, xidmətlərini təqdim edib.
“Bu görüşlər bizim gələcəkdə inkişaf etdirəcəyimiz yeni tərəfdaşlıq və layihələrin qurulması üçün əsas oldu”, - Günel Quliyeva qeyd edib.
“Ümid edirik ki, “International B2B Forum” Mərkəzi Baltikyanı və Azərbaycan arasında işgüzar əlaqələrin gücləndirilməsi baxımından əhəmiyyətli bir addım olacaq və əməkdaşlıq üçün yeni perspektivlər açacaq. İnanırıq ki, tədbirdə iştirak edən sahibkarlar qurulan əlaqələrdən maksimum fayda götürəcək və uzunmüddətli, qarşılıqlı faydalı tərəfdaşlıqlar yaradacaqlar”, - deyə Rasim Mahmudov çıxışını yekunlaşdırıb.
Xatırladaq ki, “Caspian Energy Club International” “European Union Central Baltic” proqramı çərçivəsində yaradılmış “LEF Network Azerbaijan” layihəsinin rəsmi tərəfdaşı seçilib. Üçillik “LEF Network Azerbaijan” layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlib. Keçən ildən başlayan layihə növbəti 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sektorlarında fəaliyyət göstərən şirkətlərə dəstək verəcək. Bu layihə çərçivəsində 36 ay ərzində Finlandiya, Estoniya, Latviya və Azərbaycan şirkətləri arasında İKT, yaşıl texnologiyalar və təhsil sahəsində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları Latviya Ticarət və Sənaye Palatası, Estoniya Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universitetidir.
“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.
Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.
Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.