Monday, 03 November 2025 06:36

“Caspian Energy Club” üzvləri üçün “Qaradağ” Günəş Elektrik Stansiyasına “Grand CEO Tour” təşkil edilib

“Caspian Energy Club”ın üzvləri ölkənin ən iri bərpa olunan enerji layihələrindən olan “Qaradağ” Günəş Elektrik Stansiyasına “Grand CEO Tour” çərçivəsində səfər ediblər.  

Səfərin məqsədi Azərbaycanın yaşıl enerji gündəliyinə dəstək vermək, eləcə də “Caspian Energy Club” üzvlərini regionun ən iri enerji infrastrukturu layihələrindən biri ilə yaxından tanış etmək olub.  

Tədbir zamanı iştirakçılar stansiyanın idarəetmə mərkəzini, enerji istehsalını real vaxt rejimində izləməyə imkan verən monitorinq sistemini, həmçinin günəş panellərinin yerləşdiyi geniş sahəni ziyarət ediblər. Qonaqlara layihənin inşası, texnoloji yeniliklər, enerji ötürülməsi, stansiyanın ekoloji üstünlükləri və ölkənin enerji təhlükəsizliyinə verdiyi töhfə barədə ətraflı təqdimat keçirilib. 

Ekskursiya zamanı “Caspian Energy Club” üzvləri həmçinin yerli mütəxəssislərlə fikir mübadiləsi apararaq, bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. 

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən  yaşıl enerji strategiyası bu gün regionda nümunəvi bir modelə çevrilib. “Qaradağ” Günəş Elektrik Stansiyası layihəsi Azərbaycan iqtisadiyyatının innovasiyalara və xarici investisiyalara açıq bir platforma olduğunu bir daha nümayiş etdirir. Xarici investorların bu miqyasda layihəyə cəlb olunması Azərbaycanın biznes mühitinə olan etimadın bariz göstəricisidir. “Caspian Energy Club” olaraq biz bu istiqamətdə dövlət və özəl sektor əməkdaşlığını gücləndirməyi prioritet hesab edirik. “Qaradağ” Günəş Elektrik Stansiyasına təşkil olunan səfər, klub üzvlərinə yaşıl enerji layihələrini yaxından öyrənmək və bu istiqamətdə yeni əməkdaşlıq perspektivlərini müzakirə etmək imkanı yaradıb. Biz inanırıq ki, yaşıl enerji gələcəyin əsas istiqamətidir və bu istiqamətdə atılan hər addım Azərbaycanın beynəlxalq imicini daha da gücləndirəcək”, - deyə Telman Əliyev qeyd edib. 

Qeyd edək ki, “Masdar” şirkəti tərəfindən inşa edilmiş “Qaradağ” Günəş Elektrik Stansiyası Xəzər regionu və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Layihə 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına həyata keçirilib və Azərbaycanda xarici investisiya ilə reallaşdırılan ilk sənaye miqyaslı günəş elektrik stansiyası kimi tarixə düşüb. 

Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilir ki, bu da 110 milyon kubmetr təbii qaza qənaət və 200 min ton karbon emissiyasının azaldılması deməkdir. 

Ümumi sahəsi 550 hektar olan stansiyada 570 min günəş paneli quraşdırılıb. Enerjinin şəbəkəyə ötürülməsi məqsədilə 330 kilovoltluq yarımstansiya tikilib. 

2021-ci ilin aprel ayında Azərbaycan Respublikasının hökuməti ilə “Masdar” şirkəti arasında “İnvestisiya müqaviləsi”, həmçinin “Azərenerji” ASC ilə “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. 

Hazırda “Masdar” dünyada ümumilikdə 51 qiqavat gücündə təmiz enerji portfelinə malik aparıcı beynəlxalq bərpaolunan enerji şirkətlərindən biridir. Şirkət 2030-cu ilə qədər bu gücü 100 qiqavata çatdırmağı hədəfləyir və qlobal miqyasda bərpaolunan enerjinin inkişafına mühüm töhfə verir.  

“Grand CEO Tour” iştirakçıları layihənin əhəmiyyətini, eləcə də Azərbaycanın yaşıl enerji strategiyasının həyata keçirilməsində bu cür iri investisiya layihələrinin rolunu yüksək qiymətləndiriblər. 

 

“Caspian Energy Holding” haqqında qısa məlumat 

“Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilmişdir. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq. 

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir:“Caspian Energy Club”,“Caspian Energy Club International”,“Caspian Energy EXIFOR Group”,“Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”,“Caspian Energy Entertainment Group”,“Caspian Energy Jobs Group” 

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək. 

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır. 

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılmışdır. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Read 17 times