Friday, 25 April 2025 15:08

Bakı Qafqazda ilk dəfə keçiriləcək IATA-nın Aviasiya Enerji Forumuna ev sahibliyi edəcək

Azərbaycan daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, 2025-ci ilin 13-15 may tarixlərində Bakıda “Azərbaycan Hava Yolları”nın (AZAL) dəstəyi ilə IATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) Aviasiya Enerji Forumu keçiriləcək.

Aviasiya Enerji Forumu (AEF) qlobal aviasiya sənayesinin enerji və dayanıqlılıq məsələlərinə həsr edilən ən nüfuzlu platformalardan biridir. Tədbir Qafqazda ilk dəfə keçiriləcək və aviasiya sənayesinin mühüm məsələlərinin müzakirəsi, eləcə də gələcək enerji strategiyalarının müəyyənləşdirilməsi məqsədini daşıyacaq. Bununla yanaşı, Azərbaycanın aviasiya və enerji sahələrində beynəlxalq mövqelərinin gücləndirilməsi və əməkdaşlıqların genişlənməsi baxımından önəmli bir addım olacaq. AZAL üçün bu tədbir ölkəmizin aviasiya diplomatiyasını və enerji gündəmini beynəlxalq səviyyəyə çatdırmaq baxımından yüksək əhəmiyyət daşıyır.

Forumun əsas mövzusunu aviasiya sektorunun karbonsuzlaşdırılması, dayanıqlı yanacaq növlərinin tətbiqi və enerji transformasiyası prosesində aviaşirkətlərin rolu təşkil edəcək. Tədbir zamanı təyyarə yanacağının kommersiya və texniki aspektləri, yanacaq tədarükü zəncirinin çətinlikləri, aviasiya sənayesinin vəziyyəti haqqında hesabatlar və digər mövzular ilə bağlı fikir mübadiləsi aparılacaq.

Bundan əlavə, AEF çərçivəsində Azərbaycanın yaşıl iqtisadiyyat strategiyası, tranzit və logistika imkanları, eləcə də enerji diplomatiyası kimi prioritet istiqamətlər xüsusi diqqət mərkəzində olacaq. Bu barədə “Caspian Energy Media” AZAL-a istinadən xəbər verir.

Read 32 times Last modified on Friday, 25 April 2025 11:23

 

NEWS