Thursday, 22 May 2025 17:43

Azərbaycan İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi edəcək

İslam İnkişaf Bankı (İİB) Qrupunun 2026-cı ildə İllik Toplantısı Azərbaycanda təşkil olunacaq. Bununla yanaşı, iqtisadiyyat naziri Mikayıl Cabbarov İİB Qrupunun Müdirlər Şurasının sədri təyin olunub.

Bununla əlaqədar İİB Qrupunun Əlcəzairdə keçirilən İllik Toplantısı çərçivəsində ev sahibliyini təhvilalma mərasimi keçirilib.

Tədbirdə iqtisadiyyat naziri, Azərbaycanın İslam İnkişaf Bankı üzrə müdiri Mikayıl Cabbarov İİB Qrupuna və üzv dövlətlərə ölkəmizə göstərilən yüksək etimada görə təşəkkür edib. Qeyd olunub ki, Azərbaycan 2010-cu ildə Bankın 35-ci İllik Toplantısına uğurla ev sahibliyi edib. Bu nüfuzlu tədbirə növbəti dəfə ev sahibliyi etmək Azərbaycanın çoxtərəfli əməkdaşlığa, üzv ölkələri birləşdirən ortaq dəyərlərə və məqsədlərə sadiqliyini bir daha təsdiqləyir. Tədbir Azərbaycanın islam maliyyə institutları ilə tərəfdaşlığının güclənməsinə və dayanıqlı iqtisadi inkişafa təkan verəcək.

Gələn il Azərbaycandakı İllik Toplantı çərçivəsində İİB-nin Müdirlər Şurasının 51-ci, Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyasının Baş Assambleyasının 22-ci, İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyasının Müdirlər Şurasının 33-cü, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının Müdirlər Şurasının 26-cı, İnkişaf üzrə İslam Həmrəylik Fondunun Baş Assambleyasının 19-cu illik toplantıları keçiriləcək.

Tədbirdə İİB Qrupunun Azərbaycanda keçiriləcək İllik Toplantısı üçün təminatlara dair Anlaşma Memorandumu imzalanıb. Sənəd 2026-cı ildə Bakıda keçiriləcək İllik Toplantının səmərəli planlaşdırılması və təşkili məqsədilə əməkdaşlıq çərçivəsini müəyyən edir. Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

Read 26 times Last modified on Friday, 23 May 2025 10:49

 

NEWS