Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazov və bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrelin iştirakı ilə 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyası (GES) və Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihələri üzrə yekun investisiya sənədləri imzalanıb.
Şəfəq GES layihəsi üzrə yekun investisiya qərarı “Şəfəq (Cəbrayıl) Solar Limited” şirkətinin səhmdarları – bp (50,01%), SOCAR Green (39,99%) və Azərbaycan Biznesinin İnkişafı Fondu (10%) tərəfindən, STEL layihəsi üzrə yekun investisiya qərarı isə Səngəçal terminalının investorları – bp, SOCAR, TPAO, Lukoil, SGC, NICO, MOL, INPEX, ExxonMobil, ITOCHU, ONGC Videsh, Eni, MVM və TotalEnergies tərəfindən təsdiqlənib.
Sənədlər Səngəçal terminalının elektrik enerjisi şəbəkəsinə həm terminalın daxilində, həm də onun hüdudlarından kənarda inşa ediləcək yeni qurğular, o cümlədən 220 kV-luq yeni elektrik yarımstansiyası vasitəsilə qoşulmasını nəzərdə tutur. “Virtual enerji ötürülməsi” modelinin tətbiqi ilə Şəfəq GES-də istehsal edilən elektrik enerjisi Cəbrayılda “Azərenerji” ASC-yə, “Azərenerji” ASC tərəfindən isə ekvivalent miqdarda elektrik enerjisi Bakıda Səngəçal terminalına ötürüləcək. Bununla da Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50% azaldılmasına imkan yaradılacaq.
Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.