Tuesday, 03 June 2025 15:48

Azərbaycan və Qvineya-Bisau arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi üzrə fəaliyyətlər naziri Viriato Luis Soares Cassama ilə görüşüb.

Görüş zamanı Azərbaycanın kənd təsərrüfatı sektorunda tətbiq edilən ən son texnologiyalar və təcrübələrin Qvineya-Bisau tərəfi ilə paylaşılmağa hazır olduğu vurğulanıb. İkitərəfli görüş zamanı Azərbaycan və Qvineya-Bisau arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Qvineya-Bisau Respublikasının ətraf mühit, biomüxtəliflik və iqlim dəyişikliyi üzrə fəaliyyətlər naziri Viriato Luis Soares Cassama imzalayıblar.

Anlaşma Memorandumunda aqrar sahədə gələcək əməkdaşlığın istiqamətləri öz əksini tapıb. Sənədə əsasən, tərəflər kənd təsərrüfatı üzrə birgə İşçi Qrupun yaradılması, kənd təsərrüfatı sahəsində qarşılıqlı maraq doğuran prioritet istiqamətlər üzrə birgə investisiya layihələrinin həyata keçirilməsi, kənd təsərrüfatı torpaqlarının səmərəli istifadəsi, ticarət əlaqələrinin qurulması məqsədilə ixrac potensiallı kənd təsərrüfatı məhsulları barədə məlumat mübadiləsi, kənd təsərrüfatı sahəsində rəqəmsallaşdırma, aqrar sığorta sahəsində təcrübənin paylaşılması, kənd təsərrüfatı sahəsində tətbiq olunan yeni texnologiyalar barədə məlumat mübadiləsi, aqrar tədqiqat, ticarət missiyalarının təşkili, özəl sektor arasında əlaqələrin gücləndirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Bu barədə “Caspian Energy Media” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

 

 

Read 5 times Last modified on Thursday, 05 June 2025 10:51

 

NEWS