Tuesday, 10 September 2024 14:48

“Caspian Gas Industry Forum”da iştirak edəcək spikerlərin adları açıqlandı

Bakıda 18 sentyabr 2024-cü il tarixində “Caspian Investment Week” çərçivəsində “Caspian Energy Club” və “Enermus” QSC-nin birgə təşkilatçılığı ilə 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” keçiriləcək. Bu barədə “Enermus” QSC şirkətinin təsisçisi və 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”un Təşkilati Komitəsinin sədri Zaur Mustafayev bildirib.

Verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəis müavini İsmayıl Nəsirov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə və “Sensemi DMCC Dubai” şirkətinin Azərbaycan filialının inzibati məsələlər üzrə direktor müavini Məhəmmədrıza Farahani 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”da spikerlər sırasında yer alıblar. Forumda moderatorluq “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və "Enermus" QSC-nin təsisçisi və “Caspian Energy Club”ın energetika komitəsinin nəznində fəaliyyət göstərən qaz sənayesi üzrə işçi qrupunun sədri Zaur Mustafayev tərəfindən gerçəkləşəcək.

1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”un qızıl sponsoru qismində “Sensemi DMCC Dubai” şirkətinin çıxış edəcəyi açıqlanıb.

Xatırladaq ki, “Yaşıl dünya naminə həmrəylik ili”, “Əsrin müqaviləsi”nin 30 illiyi və “Caspian Energy” brendinin 25-ci il dönümünə həsr olunmuş tədbirlər çərçivəsində təşkil olunacaq 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” qaz sənayesində innovativ texnologiyalar, davamlı inkişaf və ekologiya, eləcə də gələcək tendensiyalar və investisiya imkanları kimi mühüm mövzular üzrə bilik və təcrübə mübadiləsini əhatə edəcək. Tədbir iştirakçıları həmçinin qaz hasilatı və emalı proseslərinin optimallaşdırılması yollarını, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi və karbon izinin azaldılması imkanlarını müzakirə edəcəklər.

“1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”a marağı nəzərə alaraq, sözügedən forumu mütəmadi olaraq hər il Azərbaycanda, Xəzəryanı ölkələrdə və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi ölkələrdə təşkil etməyi düşünürük. Əminik ki, 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum” qaz sanayesinə, bu sektorda innovativ həllərin və nou-hauların təşviqinə öz töhfəsini verəcək”, - Zaur Mustafayev qeyd edib.

“Regionların qazlaşdırılması prosesində beynəlxalq standartların və təhlükəsizlik sistemlərinin tətbiqi” və “Qaz təsərrüfatında “yaşıl” və innovativ texnologiyaların tətbiqi” 1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”un əsas mövzuları sırasında yer alacaq.

1-ci Beynəlxalq “Caspian Gas Industry Forum”da qaz sənayəsindən əlavə olaraq iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən bir sıra dövlət və özəl şirkətlərin top-menecerlərin və nümayəndələrin iştirakı gözlənilir.

 

 

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

2016-cı ildə yaranan “Enermus” QSC fəaliyyət göstərdiyi müddətdə geniş təcrübə qazanmışdır. Fəaliyyətə başladığı gündən spesifik olan qaz təsərrüfatı sahəsi üzrə ixtisaslaşan şirkət illər keçdikcə məişət və sənaye qaz avadanlıqlarının satışından Şkaf tipli Qaz Tənzimləyici Məntəqə və Pnevmatik Odorant Qurğularının yerli istehsalına keçmiş,  2017-ci ildə lisenziya əldə edərək qaz təsərrüfatı üzrə tikinti quraşdırma işləri və xidmətlərin göstərilməsinə başlamışdır.

Şirkətin əsas fəaliyyət istiqamətlərinə qaz təchizatının layihələndirilməsi, qaz kəmərlərinin tikintisi, qaz avadanlıqlarının satışı və qaz sənayesində mühəndislik və konsaltinq xidmətləri daxildir. QSC ABŞ, İtaliya, Almaniya, Rusiya, Türkiyə kimi ölkələrin istehsal zavodlarının Azərbaycanda rəsmi nümayəndəsidir. Şirkət ISO9001, ISO14001, ISO 45001 kimi beynəlxalq sertifikatlara malikdir.

Read 407 times

 

NEWS