Tuesday, 24 September 2024 10:33

Avropa komissarı 12-ci Beynəlxalq “Caspian Energy Forum”un iştirakçılarına müraciət edib

Avropa İttifaqının (Aİ) Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi 12-ci Beynəlxalq “Caspian Energy Forum”un iştirakçılarına videomüraciət edib. Müraciətdə o, sözügedən tədbirin təkcə Cənubi Qafqaz üçün deyil, həm də Avropa və Mərkəzi Asiya üçün böyük əhəmiyyət kəsb edən bir sıra mövzuların müzakirəsi üçün mühüm platforma rolunu oynadığını bildirib.

"Nəqliyyat və enerji şəbəkələrimizin birləşdirilməsi daha dayanıqlı və sabit iqtisadiyyatların formalaşmasına, eləcə də regionlarımız arasında daha sıx əlaqələrin qurulmasına töhfə verə bilər", - Oliver Varhelyi nəqliyyat və enerji əlaqəsi məsələlərini şərh edərkən qeyd edib.

Oliver Varhelyinin sözlərinə görə, Transxəzər dəhlizinin mərkəzində yerləşən Cənubi Qafqaz Qara və Xəzər dənizləri arasında fasiləsiz rabitənin təmin edilməsində strateji rol oynayır.

“Son illərdə Transxəzər dəhlizi Mərkəzi Asiyadan Avropaya malların çatdırılması üçün mühüm ticarət marşrutuna çevrilib. Son layihələr onu göstərir ki, dəhliz boyunca ticarət həcmi 2030-cu ilə qədər üç dəfə arta bilər”, - Oliver Varhelyi bildirib.

Öz çıxışında Avropa komissarı səyahət və tranzit vaxtını azaltmaq üçün Qara və Xəzər dənizləri arasında əsas kommunikasiya marşrutlarının və nəqliyyat əlaqələrinin təkmilləşdirilməsini təklif edib.

“Avropa İttifaqı ilə inteqrasiya olunmuş multimodal və rəqəmsal nəqliyyat şəbəkəsini inkişaf etdirməyə də davam etmək lazımdır. Şərq tərəfdaşlığı üzrə investisiya və iqtisadi planımız Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) və Qara dəniz xətti üzrə əsas flaqman layihələrinin tamamlanması üçün mühüm alət olaraq qalacaq. Bu layihələr bərə xidmətinin yaradılmasına və rəqəmsal rabitənin dəstəklənməsinə yönəlib”, - Oliver Varhelyi əlavə edib.

O, həmçinin Xəzər regionundan, xüsusən də Azərbaycandan Aİ-yə təbii qaz tədarükü həmişəkindən daha vacib olduğunu bildirib. Oliver Varhelyinin sözlərinə görə, bu tədarük Rusiya tədarükünün əsas alternativ mənbəyinə çevrilib və Cənub Qaz Dəhlizin gücü artdıqca miqyası da arta bilər.

Avropa komissarının sözlərinə görə Xəzər regionu həmçinin karbonsizləşdirməyə və yeni iş yerlərinin, təmiz infrastrukturun və daha dayanıqlı gələcəyin yaradılmasına töhfə verə bilən bərpa olunan enerjidən istifadə etmək potensialına malikdir. “Biz sizi bu potensialdan tam istifadə etməyə dəvət edirik.  Aİ nou-hau, texnoloji təcrübə və maliyyə dəstəyi, eləcə də daha təmiz enerjiyə ehtiyacı olan çox böyük bazar təklif edə bilər”, - Olivier Varhelyi qeyd edib və əlavə edib  ki, Aİ-nin əsas flaqman layihələrindən biri olan Qara Dəniz Elektrik Kabeli layihəsi İqtisadi və İnvestisiya Planı çərçivəsində təmiz enerji ticarəti üçün şərait yaratmağı hədəfləyir.

“COP29-un Bakıda təşkili barədə qərar qəbul edildikdən sonra bərpa olunan enerji mənbələrindən, xüsusən də külək enerjisindən istifadənin intensivləşdirilməsi daha da vacib olub. COP29 mühüm fürsət pəncərəsidir və mənim sizə mesajım şəffaf və aydındır: Aİ konfrans ərəfəsində bərpa olunan enerji mənbələri və yaşıl kommunikasiya sistemlərinin tətbiqini sürətləndirmək üçün sizinlə işləməyə hazırdır”. Avropa komissarı.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

Read 560 times Last modified on Tuesday, 24 September 2024 06:36

 

NEWS