Friday, 27 September 2024 10:09

Pauline Eizema: Azərbaycan su idarəçiliyinin yeni dövrünə qədəm qoyur

Azərbaycan, su idarəçiliyinin yeni dövrünə qədəm qoyaraq, bu sahədə müasir və innovativ yanaşmaların tətbiqini hədəfləyir. Bu məqsədlə təşkil olunan IV “Xəzər Su İnnovasiya Forum”, Niderland həllərinin burada həyata keçirilən iddialı layihələrin dəstək yollarını müzakirə etmək üçün unikal bir platforma təqdim edir. Noyabr ayında Azərbaycanda baş tutacaq BMT-nin COP29 iqlim konfransında su məsələsi də əsas mövzular arasında yer alacaq. Bu çərçivədə, iyul ayında Niderland Krallığının su elçisi Azərbaycana səfər edərək, əməkdaşlığın yollarını araşdırıb.

Bu sözləri Niderland Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Pauline Eizema “Aqualink” MMC-nin təşkilatçılığı və “Caspian Energy Club”ın baş networking tərəfdaşlığı ilə baş tutan IV “Xəzər Su İnnovasiya Forum”unda çıxışı zamanı deyib. Səfir, Azərbaycanın heyrətamiz təbiəti və zəngin sərvətləri ilə seçilən bir ölkə olduğunu vurğulayıb. Lakin, bir çox digər dövlətlər kimi, Azərbaycanın da su ehtiyatlarının idarə olunmasında ciddi problemlərlə üzləşdiyini qeyd edib.

"Bu sahədə çoxəsrlik təcrübəyə malik olan Niderland Krallığı da oxşar çətinliklərlə mübarizə aparır. Bizim ölkəmiz yalnız su ilə birgə yaşamağı deyil, eyni zamanda ondan istifadə edərək çiçəklənməyi öyrənmişdir. Bu səyahət uzun və mürəkkəb olsa da, biz torpaqlarımızı dənizdən qorumaq və kənd təsərrüfatı, sənaye və icmalar üçün su təchizatını təmin etmək məsələsini daima diqqətdə saxlamağa öyrənmişik. Bizim ölkəmiz yerli şirkətlərə, dünyada ən innovativ həllərin hazırlanmasına ilham vermişdir və biz bu təcrübəni Azərbaycanla bölüşmək niyyətindəyik. Biz dəyişən su idarəçiliyi şərtlərinə uyğunlaşma yollarını bilirik - artıq suyun israfını minimuma endirmək və 80% daha az su istehlak edərək kənd təsərrüfatı məhsullarının yetişdirilməsinə imkan verən qabaqcıl texnologiyaların yaradılmasına qədər bir çox irəliləyişlər həyata keçiririk," - deyə səfir əlavə edib.

Xatırladaq ki, IV “Xəzər Su İnnovasiya Forum”u regionda su təəssərrüfatının effektiv idarəedilməsi, yeni texnologiyaların tətbiqi, dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün müzakirə və əməkdaşlıq platforması yaratmağı hədəfləyir. Tədbirdə, su ehtiyatlarının qorunması, ekoloji sistemə təsirlərin minimuma endirilməsi və təbii ehtiyatların səmərəli istifadəsi ilə bağlı müzakirələr aparılıb.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.

 “Aqualink” şirkəti peşəkar su mühəndisliyi və kimyəvi maddələrin təchizatı sahəsində 2010-cu ildən etibarən fəaliyyət göstərir. Şirkət su, çirkab su təmizləmə sistemləri, suların fiziki və kimyəvi təmizlənməsi, təkrar emalı, mühəndisliyi, nasos və nasos stansiyaların quraşdırılması sahəsində uzunillik təcrübəyə və ixtisaslaşmaya malikdir.

“Aqualink şirkəti” ölkədə ən geniş sahəvi nümayəndəliklərə və beynəlxalq səviyyədə tanınarlığa malikdir. Şirkət 53-dən artıq beynəlxalq su və kimya texnologiyaları və həlləri təqdim edən şirkətlərin regionda rəsmi tərəfdaşı və eksklüziv nümayəndəsidir.

 “Aqualink” şirkəti idarəetmədə beynəlxalq keyfiyyət siyasətini tətbiq etməklə şirkət daxili və şirkət xarici xidmətlərinin yüksək səviyyədə tətbiqini həyata keçirir. Şirkətimiz İSO 9001:2015,  ISO 14001: 2015 sertifikatlarına malikdir.

Read 320 times Last modified on Friday, 27 September 2024 10:11

 

NEWS