Monday, 18 November 2024 08:40

“Araz” supermarketlər şəbəkəsi AİB-lə saziş imzaladı

“Araz Supermarket” MMC və Asiya İnkişaf Bankı (AİB) arasında şəbəkənin genişlənməsinə, ərzaq təhlükəsizliyinin artırılmasına və kiçik fermerlər arasında iqlim amillərini nəzərə alan kənd təsərrüfatının təşviqinə kömək etmək məqsədilə 10,5 milyon dollar məbləğində maliyyə paketi imzalanıb. Bu barədə “Caspian Energy Club”a “Araz Supermarket” MMC-dən bildirilib.

“Sözügedən saziş sahibkarlığın və yerli istehsalın inkişafında mühüm rol oynayacaq, yeni iş yerlərinin yaradılmasına imkan verəcək. Həmçinin saziş çərçivəsində yerli fermerlərin inkişafı istiqamətində müxtəlif tədbirlər həyata keçiriləcək, qadınların işə cəlb olunmasında mühüm addımlar atılacaq.

İnanıram ki, bu tərəfdaşlıq nəticəsində Azərbaycanda keyfiyyətli qidaya çıxış imkanlarını genişləndirə, iqlimə davamlı əkinçilik təcrübələrini təşviq edə və ölkəmizin ərzaq sektorunda innovativ həllərin tətbiqinə dəstək ola biləcəyik”, - deyə “Araz” Supermarketlər Şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimov qeyd edib.

Qrant əsasən Lənkəran-Astara və Mərkəzi Aran bölgələrindən meyvə, qoz-fındıq və tərəvəz yetişdirən 750 kiçik fermerə dəstək göstərəcək. Fermerlər ekoloji baxımdan təmiz əkinçilik, maliyyə idarəçiliyi və gender bərabərliyi mövzusunda təlimlərdə iştirak edəcəklər. İştirakçıların ən azı üçdə birini qadınlar təşkil edəcək. Layihə, həmçinin iqlim amillərini nəzərə alan (smart) nümunəvi təsərrüfatları sınaqdan keçirəcək.

Read 188 times Last modified on Monday, 18 November 2024 11:28

 

NEWS