Wednesday, 27 November 2024 15:54

ASAN xidmət ilə BMT arasında Töhfə Sazişi imzalanıb

​Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təmsil olunan Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Töhfə Sazişi imzalanıb.

​Sənədi Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua imzalayıblar.

​Saziş çərçivəsində BMT-yə üzv ölkələrdə “ASAN xidmət” modeli əsasında dövlət xidmətlərinin göstərilməsi üçün innovasiyaların tətbiqi və müvafiq sahə üzrə potensialın inkişafı nəzərdə tutulur.

​Bununla da BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və təşkilata üzv dövlətlərə təşviq edir.

​Sazişə əsasən Azərbaycanın "ASAN xidmət” təcrübəsi əsasında müvafiq ölkələrdə dövlət qulluqçuları üçün qabaqcıl idarəetmə və dövlət xidmətlərinin göstərilməsi üzrə təlimlər təşkil ediləcək. Həmçinin tədris vəsaitləri hazırlanacaq və qitələrarası beynəlxalq tədbirlər təşkil olunacaq.

​Baş katibin müavini görüş çərçivəsində “ASAN xidmət” mərkəzinin, “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, "Bilim Bakı" mərkəzinin, Səyyar ASAN xidmətin, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də tanış olub.

 

Read 148 times Last modified on Wednesday, 27 November 2024 11:33

 

NEWS