Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsium Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsini reallaşdıracaq.
Konsorsium İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün 2024-cü il fevralın 8-də elan edilmiş müsabiqənin qalibi olub. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə həyata keçirilən dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı sahəsində ilk pilot layihədir.
Layihə çərçivəsində konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Kimya Sənaye Parkında günlük istehsal gücü 300 min m³ su olan zavodun tikintisi planlaşdırılır. Müəssisənin 2,5 il ərzində tikilməsi nəzərdə tutulur. Müqaviləyə əsasən, layihənin müddəti 27,5 ildir. Belə ki, konsorsium layihəni bu müddətdə idarə etdikdən sonra müəssisə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin idarəetməsinə keçəcək.
Layihə Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək, içməli su təchizatı sahəsində beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq və xarici sərmayə cəlbi baxımından mühüm töhfədir. Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.