ASCO-nun "Handysize" tipli “Murovdağ” quru yük gəmisi Magellan boğazını keçən Azərbaycanın ilk yük gəmisi olub. Bu hadisəylə gəmi ölkəmizin dənizçilik tarixində yeni bir səhifə açıb.
Çilinin Tokopilla limanından 33 000 ton potassium nitratı ilə yola çıxan “Handysize” tipli gəmi Latın Amerikasının cənub sahili boyunca hərəkət edərək, dünyanın ən çətin və strateji əhəmiyyətli dəniz yollarından biri sayılan Magellan boğazından keçib. Hazırda gəmi Atlantik okeanına doğru üzür və İspaniyanın Kadiz limanında yükünü boşaltması planlaşdırılır.
ASCO-nun beynəlxalq sularda istismara verdiyi ikinci “Handysize” tipli məhdudiyyətsiz üzmə imkanlarına malik gəmisi olan “Murovdağ” bu tarixi keçidlə Azərbaycanın dənizçilik sahəsindəki mövqeyini daha da möhkəmləndirir və qlobal yükdaşımalarda iştirakını genişləndirir.
Bu barədə “Caspian Energy Media” ASCO-ya istinadən xəbər verir.