Bu ilin sonuna qədər Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının turbinlərinin quraşdırılması və istismara verilməsi planlaşdırılır.
Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev deyib.
Onun sözlərinə görə, layihə Abşeron və Xızı rayonlarında ümumilikdə 36 hektar ərazidə həyata keçirilir. Stansiyanın 12 külək turbinindən ibarət 78 MVt gücündə olan hissəsi Abşeron rayonunda, 25 külək turbinindən ibarət 162 MVt gücündə olan hissəsi isə Xızı rayonunda yerləşəcək.
“Abşeronda illik 300 milyon kilovat/saatdan, Xızıda isə 600 milyon kilovat/saatdan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır”, - deyə C. Abdullayev bildirib.