Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 23-də Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti Yoxan Eliaşı qəbul edib.
Dövlətimizin başçısı Azərbaycanda qış idman növləri üzrə beynəlxalq yarışların keçirilməsi üçün müasir qış-xizək mərkəzlərinin yaradıldığını bildirərək, bu cür yarışların təşkil olunmasının ölkəmizin qış turizm potensialı ilə yanaşı, ümumilikdə turizm imkanlarının təbliğində rolunu vurğuladı.
Görüşdə gələcək əməkdaşlıq, həmçinin Beynəlxalq Xizək və Snoubord Federasiyası ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın qış turizm imkanlarının və “Şahdağ” Turizm Mərkəzinin dünya səviyyəsində daha da tanıdılması ilə bağlı fikir mübadiləsi aparıldı.
Bu barədə “Caspian Energy Media” Prezidentin Mətbuat xidmətinə istinadən xəbər verir.