Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev fevralın 25-27-də Londonda keçirilən “Beynəlxalq Enerji Həftəsi 2025” konfransında iştirak edib.
“Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir ki, 50-dən çox ölkədən 1 500-dən artıq nümayəndənin qatıldığı tədbirdə qlobal enerji tələbatı, enerji keçidi və karbon emissiyalarının azaldılması mövzuları müzakirə edilib.
Ə. İsayev konfransın “Neft və qazın sürətlə və miqyaslı karbonsuzlaşdırılması” sessiyasında çıxış edərək, SOCAR-ın dekarbonizasiya və enerji keçidi strategiyası haqqında ətraflı məlumat verib. O, şirkətin 2050-ci ilə qədər xalis sıfır emissiyaya nail olmaq hədəfi və bu istiqamətdə həyata keçirilən layihələrdən danışıb.