İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Norveç Vergi Administrasiyasının baş direktoru xanım Nina Şanke Funnemark ilə videoformatda görüş keçirib.
Görüşdə gündəmdə olan prioritet əməkdaşlıq istiqamətləri və ikitərəfli əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb. Tərəflər həm IOTA çərçivəsində, həm də ikitərəfli səviyyədə vergi sahəsində təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikirlərini bölüşüblər. IOTA-nın fəaliyyətinin genişləndirilməsi istiqamətində təkliflər müzakirə edilib.
Görüşün davamında vergi inzibatçılığı sahəsində birgə təşəbbüslərin artırılması imkanları nəzərdən keçirilib, bu məqsədlə mövcud potensialdan istifadənin önəmi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb. "Caspian Energy Media" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.