Fevralın 25-də “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan-Pakistan Biznes Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının “Frontier Works Organization” şirkətinin Baş icraçı direktoru Abdul Saminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
İdarə Heyətinin sədri “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Səhmdar Cəmiyyətinin strateji planları və dağ-mədən sektorunun inkişafı, habelə ətraf mühitin mühafizəsi tədbirləri, yüksək ekoloji standartlara cavab verən innovasiya və texnologiyalara keçid istiqamətində görülən işlər haqqında ətraflı bəhs edərək, ölkə hüdudlarından kənarda dağ-mədən layihələrinin icrasının QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib.
Görüşün yekunu olaraq “AzerGold” QSC və “Frontier Works Organization” şirkəti arasında əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi üçün məsləhətləşmələrin aparılması, dağ-mədən sahəsində məlumat mübadiləsinə dair Məlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement) sənədi, eləcə də əməkdaşlığa dair Anlaşma Memorandumunun hazırlanması və imzalanması barədə ilkin razılıq əldə edilib.
Bu barədə “Caspian Energy Media” “AzerGold”-a istinadən xəbər verir.