"Caspian Energy Club"ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev dekabr ayının 16-da Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Daxili İşlər Nazirliyinin rəhbərlik etdiyi “Risklərin təhlili” işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planı üzrə onlayn formatda sonuncu iclasında iştirak edib.
“Risklərin təhlili” işçi qrupunun rəhbəri, daxili işlər nazirinin müavini İsmət Əliyevin sədrliyi ilə keçirilən iclasda İşçi Qrupun 2025-ci il üçün Fəaliyyət Planının 4-cü bəndinə əsasən, texnoloji risklərin - süni intellekt və əlaqəli texnoloji imkanların (generativ süni intellekt daxil olmaqla) fərdlər üzərində, habelə müəssisələr, ekosistemlər və (və ya) iqtisadiyyatlarda tətbiqinin nəzərdə tutulan və ya gözlənilməyən mənfi nəticələri, eləcə də İşçi Qrupun 2026-cı il üçün Fəaliyyət Planı ilə bağlı təkliflər müzakirə olunub, birinci məsələ ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin mütəxəssisinin fikirləri səsləndirilib.
İclasın yekununda İşçi qrupunun üzvlərinin təkliflərinin ümumiləşdirilərək Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyaya təqdim olunması qərara alınıb.

