Energetika naziri Pərviz Şahbazovun COP29 çərçivəsində Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi, OPEC Fondunun prezidenti və Qlobal Enerji Əlaqələndirməsinin İnkişafı və Əməkdaşlıq Təşkilatının (GEIDCO) sədri ilə görüşləri olub.
Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Mohamed Hamel ilə görüşdə qaz sektorunda inkişaf tendensiyaları, bərpa olunan enerji mənbələri ilə yanaşı qazın enerji keçidində artan rolundan danışılıb. COP29 çərçivəsində Paris Sazişinin 6.4-cü Maddəsi üzrə vahid mexanizmlə bağlı razılaşma yüksək qiymətləndirilib. Baş katib GECF-in Dayanıqlı İnkişaf üçün Təbii Qaz üzrə Nazirlər İclasının COP29 platformasında keçirilməsinə göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
OPEC Fondu tərəfindən Azərbaycanda 240 MVt gücündə Xızı-Abşeron külək elektrik stansiyası layihəsini dəstəkləmək üçün “ACWA Power” şirkətinə 50 milyon ABŞ dolları məbləğində kredit ayırılması, həmçinin Azərbaycan “Yaşıl Keçid Planı”nı dəstəkləmək məqsədilə texniki yardımı yüksək qiymətləndirilib. Fond dənizdə külək enerjisinin inkişafı, “yaşıl enerji dəhliz”ləri və “Masdar” şirkəti ilə həyata keçirilən 1QVt gücündə külək-günəş enerjisi layihələrində əməkdaşlığa dəvət edilib. OPEC Fondunun prezidenti Azərbaycana “yaşıl enerji keçidi”ndə dəstək verməyə hazır olduğunu bildirib.
Nazir Qlobal Enerji Əlaqələndirməsinin İnkişafı və Əməkdaşlıq Təşkilatının (GEIDCO) sədri Xin Baoan ilə də görüşüb. Azərbaycanda “təmiz enerji”nin inkişafı və enerji şəbəkələrinin əlaqələndirilməsi layihələrinin həyata keçirilməsində təşkilatla əməkdaşlıq müzakirə edilib. Türkiyə, Avropa və Mərkəzi Asiya ilə enerji sistemlərini əlaqələndirən üç yaşıl enerji dəhlizinin həyata keçirilməsi barədə məlumat verilib. Uzun məsafəli əlaqələndirmə layihələri sahəsində təcrübəyə malik GEIDCO-nun enerji dəhlizləri layihələri üzrə əməkdaşlıqda iştirak, bərpa olunan enerji sahəsində birgə tədqiqat aparmaq imkanları dəyərləndirilib.
Bu barədə “Caspian Energy Media” Energetika Nazirliyinə istinadən xəbər verir.
http://caspianenergy.site/caspianenergy.net/index.php/en/caspian-energy-media/item/6539-energetika-naziri-cop29-da-gecf-opec-fondu-v-geidco-il-goeruesl-r-kecirib#sigProGalleria9abec495ce