4 mart tarixində Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağının iclası keçirilib.
İclasda assosiasiyaya üzv dövlətlərin dəmiryol administrasiyalarının rəhbərləri, nəqliyyat və logistika şirkətlərinin yüksək səviyyəli rəsmiləri daxil olmaqla ümumilikdə 10 ölkədən nümayəndə heyəti iştirak edib.
Bildirilib ki, TBNM BA-ya üzv dövlətlər arasında sıx əməkdaşlıq çərçivəsində yük əməliyyatlarının idarə olunması üçün kompleks tədbirlər, o cümlədən müasir analitik informasiya sistemlərinə inteqrasiya və yüklərin real vaxt rejimində izlənməsi xidmətlərinin yaradılması həyata keçirilib. Sinqapurun “Global DTC” şirkətinin TBNM üçün “Digital Trade Corridor” multimodal platforması və “Fast Customs” platformasını təqdim etməsi ilə əməliyyatların şəffaflığı artırılıb və nəzarət mexanizmləri gücləndirilib.
Daha sonra Orta Dəhlizlə bu il yükdaşıma planı və onun icra planı təsdiqlənib, həmçinin TBNM BA Hüquqi Şəxslər Birliyinin Çinin Sian şəhərində nümayəndəliyinin açılması barədə qərar qəbul olunub.
Sonda iclasın protokolu, “Xəzər dənizi limanları arasında fider bağlantısının təşkili haqqında” və “Fider gəmilərin yüklənməsinin təmin edilməsi haqqında” sazişlərin imzalanması mərasimi olub. Bu barədə “Caspian Energy Media” “Azərbaycan Dəmir Yolları”-na istinadən xəbər verir.