Tuesday, 04 March 2025 17:18

Azərbaycan, Qazaxıstan və Gürcüstan Orta Dəhlizin potensialından daha səmərəli istifadə imkanlarını müzakirə ediblər

4 mart tarixində “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Bakıda keçirilən tədbirləri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze və “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev arasında üçtərəfli görüş olub.

Görüşdə Çindən Avropa istiqamətində göndərilən konteyner yüklərin təyinat məntəqələrinə vaxtında çatdırılması üçün koordinasiyalı fəaliyyətin qurulması üçün zəruri tədbirlər və beynəlxalq dəhlizlərin fasiləsiz, etibarlı və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında yaradılmış “Middle Corridor Multimodal” LTD Birgə Müəssisəsinin fəaliyyətinin təşkili barədə müzakirələr aparılıb.

Həmçinin TBNM ilə yüklərin axınının sürətləndirilməsi üçün birgə səylərin əhəmiyyəti, bu əməkdaşlığın Çin–Mərkəzi Asiya–Azərbaycan marşrutunu qlobal müstəvidə yeni səviyyəyə qaldıra biləcəyi xüsusi vurğulanıb.

Tərəflər Orta Dəhlizin potensialından daha səmərəli istifadə üçün dəmiryol administrasiyaları arasında müştərək fəaliyyət istiqamətlərinin şaxələndirilməsi nəticəsində yükdaşıma həcminin artırıla biləcəyini qeyd ediblər. Bu barədə “Caspian Energy Media” “Azərbaycan Dəmir Yolları”-na istinadən xəbər verir.

Read 5 times

 

NEWS